Müxalifətin prezidentliyə namizədini ölkəni tərk etməyə kim məcbur edib... – Minskdə etirazlar səngiyib, ordu şəhəri tərk edir

  • 10:44 - 12 Avqust

Belarusda avqustun 9-da keçirilmiş preziden seçkilərinin nəticələrinə etiraz olaarq başlayan aksiyalar dünən axşam da davam edib, amma Minskdən gələn xəbərlərə əsasən etirazlar xeyli səngiyib. Bunun səbəbi bir tərəfdən üç gündür təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə məruz qalan etirazçıların yorulması, digər tərəfdən isə təhlükəsizlik qüvvələrinin insanların bir yerə toplaşmasına imkan verməmək üçün sərt güc tətbiqindən istifadə etməsidir.

Avqustun 12-nə keçən gecə ordu, daxili qoşun və OMON hissələri Minski tərk edib. Şəhərin əsas küçələrində hərəkət bərpa olunub, lakin ətraf rayonlarda ara-sıra etirazların baş qaldırdığı bildirilir. Xəbərlərə görə, OMON narazıları təqib etmək üçün hətta insanların mənzillərinə girir, bəzən heç bir səbəb olmadan küçədən keçənləri döyür.

Bu arada müxalifətin prezidentliyə namizədi Svetlana Tixanovskayanın ölkəni necə tərk etməsi barədə təfərrüatlar da üzə çıxıb. Müxalifətin birləşmiş seçki qərargahının nümayəndəsi Mariya Kolesnikova bildirib ki, Litvaya yola düşməzdən əvvəl Tixanovskaya Mərkəzi Seçki Komissiyasının binasında güc strukturlarının iki yüksək vəzifəli əməkdaşı ilə üç saat birlikdə olub.

“Biz binanın qarşısında gözləyirdik. Danışıqların başlamasından sonra gördük ki, videoavadanlıqlar üçün çantalara oxşayan qara iri çantalarla adamlar içəri keçdilər. Bunun nəticəsi isə sizin də gördüyünüz kimi Tixanovskayanın ötən gün yayılmış videomüraciətidir”,-müxalifət təmsilçisi bildirib.

Həmin videomüraciətdə Tixanovskaya kağızdan mətni oxuyur, insanları etirazları dayandırmağa və təhlükəsizlik qüvvələri ilə toqquşmalara girməməyə çağırır. Bildirir ki, ağır seçim qarşısında qalıb və Litvada olan uşaqlarına qovuşmaq qərarına gəlib. “Bir çoxları məni anlayacaq, bir çoxları qınayacaq, ola bilsin nifrət edəcək. Lakin Allah heç kimi mənim üzləşdiyim seçim qarşısında qoymasın”,-müxalifətin namizədi deyib.

O, ölkəni tərk etməyə niyə məcbur olduğunu açıqlamayıb, çünki daha əvvəl Belarusu tərk etməyəcəyini açıqlamışdı. Kovalkova istisna etmir ki, həmin videomüraciəti Tixanovskaya təhdid altında yazıb. Müxalifət nümayəndəsi deyib ki, Tixanovskayanın ölkəni tərk etməsiini dəstəkləyir, çünki qalsaydı onun həyatı təhdid altında olacaqdı.

Virtualaz.org


Oxunma sayı: 4786

Oxşar yazılar