DİN: İşgəncəyə məruz qaldığı iddia edilən şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil

  • 20:38 - 11 Avqust

Sosial şəbəkələrdə bir qrup şəxsin işgəncəyə məruz qalmasını əks etdirən fotolar yayılıb.

Avropa.info-nun məlumatına görə, fotolarda bir qrup şəxsin üzü üstə uzadıldığı, onlardan bəzilərinin çılpaq vəziyyətdə olduğu əks olunub. Fotoları yayanlar görüntünün Azərbaycanda lentə alındığını, həmin şəxslərin işgəncəyə məruz qaldığını iddia ediblər. Başqa bir fotodakı şəxsin isə polis orqanları ilə əməkdaşlıq etdiyi qeyd olunub.  

Daxili İşlər Nazirliyi (DİN) fotolara və saxlanılan şəxslərin işgəncələrə məruz qalmasına dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, yayılan fotolarla bağlı araşdırma aparılıb: “Məlum oldu ki, bu fotolar məqsədli şəkildə əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədi ilə yayılıb. Belə ki, həmin fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil, görüntülər də ölkəmizdə lentə alınmayıb. Bu fotolar Azərbaycandan kənarda çəkilib. Fotolarda əks olunan Azərbaycan bayrağına gəldikdə, deyə bilərəm ki, onu ora məqsədli şəkildə qoyublar”.

E. Zahidov avtomobilin qarşısında fotosu yayılan şəxsin isə hüquq-mühafizə orqanlarında çalışmadığını bildirib: “Həmin şəxslə bağlı da araşdırma aparılıb. Məlum oldu ki, həmin şəxs Azərbaycan vətəndaşı olsa da, ümumiyyətlə hüquq-mühafizə orqanlarında işləmir. O rayonlardan birində yaşayır və onun hüquq-mühafizə orqanları ilə heç bir əlaqəsi yoxdur”.


Oxunma sayı: 8966

Oxşar yazılar