Tovuzda ermənilərin dağıtdığı evlərin təmirinə başlanıldı - Foto

  • 16:54 - 11 Avqust

Cari ilin iyul ayında iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Avropa.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, hər zaman xalqının yanında olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu dəfə də ölkə vətəndaşının taleyinə biganə qalmadı. Belə ki, avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrıldı.

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sərəncamdan irəli gələn aidiyyəti məsələlərin icrası məqsədilə dərhal müvafiq tədbirlərə başlanılıb. Belə ki, yuxarıda göstərilən yaşayış məntəqələrində, ilk növbədə, mütəxəssislərin rəyinə əsasən artilleriya atəşi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin söküntüsünə, işlərin normal həyata keçirilməsinin təmin edilməsi üçün ərazinin təmizlənməsinə, habelə təmir-bərpa işlərinə başlanılıb. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulur və bu məqsədlə əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub.

Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildirirlər.
 



 


Oxunma sayı: 5215

Oxşar yazılar