Nicat Muradzadə: “Azərbaycanın rəqəmsal biznes klasterinə ehtiyacı var”

  • 11:51 - 11 Avqust

Hal-hazırda dünyanı ağuşuna almış pandemiya ilə mübarizə məhdudlaşdırıcı tədbirlər tələb etdiyindən, bu hal insan əməyindən istifadəni də minimallaşdırmaqla istehsal prossesinə, bütövlükdə isə iqtisadi fəaliyyətin intensivliyinə ciddir təsir edir. Koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün təqribən 120-150 milyon manat itirir. Karantin rejiminin 6 aydır davam etdiyini nəzərə alsaq, bu müddət ərzində ölkə iqtisadiyyatı bir neçə milyard manat gəlirlərdən məhrum olub və bu proses hələ də davam etməkdədir. İqtisadi fəaliyyət dayansa da, öhdəliklər dayanmır və bu faktor, rəqəmsallaşma anlayışının pandemiya dövründə geniş vüsət alaraq, bəşər övladının yaşam tərzinə çevrilməklə, alternativlik fazasından məcburiyyət fazasına keçid etməsini labüdləşdirdi. 

Rəqəmsal əməliyyatların heç bir halda sərhəd tanımadan istənilən şəraitdə fəaliyyət göstərə bilməsi, ənənəvi biznes proseslərini təkmilləşdirərək səmərəliliyi ciddi şəkildə artırması və əməliyyat xərclərini minimallaşdıraraq qənaətcilliyi şərtləndirməsi gələcəyin dünyasında, onun bizim həyatımızın mərkəzində olacağını demək üçün ciddi əsaslar yaradır. Rəqəmsallaşmanın milli iqtisadiyyatımıza sirayət etməsi bütövlükdə onun ekzogen risklərə qarşı immunitetinin möhkəmlənməsinə şərait yaradacaqdır. Pandemiya səbəbindən artan xətt üzrə inkişaf edən lokallaşma meyllərinin fonunda dünyada yaranmış yeni situasiya, iqtisadiyyatlar üçün mənfəət nöqteyi-nəzərindən rəqəmsallaşmanın əhəmiyyətlilik dərəcəsini olduqca yüksəldir. 

Müqəddimə hissəsində də qeyd etdiyim kimi rəqəmsal məhsulların sərhəd tanımaması mövcud vəziyyətdə onu istehsal edən texnologiya tutumlu iqtisadiyyatlar üçün əlverişli vəziyyətin yaranmasına imkan verir. Bu kontekstdə, respublikamızda da son illərdə məqsədyönlü addımlar atılaraq, milli iqtisadiyyatımızın rəqəmsallaşması istiqamətində olduqca innovativ layihələr reallaşdırılıb. Buna misal olaraq, dünya tarixində ilk dəfə 2018-ci ilin oktyabrında “Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi"də, bir qeyri-rezidentə mobil imza – ASAN imza təqdim edilməsi, eyni zamanda Azərbaycanın Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olması göstərilə bilər. Bütün bu müsbət məqamların dünyada yaranmış mövcud iqtisadi-siyasi vəziyyətdə dinamik formada konseptuallaşaraq, sistemli xarakter alması üçün çox ciddi zərurət meydana gəlib. Dünya təcrübəsinə əsasən, bu qəbildən olan təşəbbüslər üçün metodoloji yanaşmanın ayrı-ayrı ölkələr üzrə sosyo-iqtisadi vəziyyətə görə səciyyələndiyini və çeşidləndiyini demək mümkündür. 

Məsələn, Azərbaycanla ortaq SSRİ keçmişinə malik və təşəbbüskarlara informasiya texnologiyaları sahəsində təklif etdiyi əlverişli biznes mühitinə görə Avropanın “Silikon Vadisi” adlanan Estoniyada, informasiya kommunikasiya texnologiyaları sektorunun 4 milyard 200 milyon ABŞ dollarından bir qədər çox dövriyyəsi vardır. Sözügedən sferada əhalinin işqabiliyyətli seqmentinin 6%-i, sayı 5000-ə yaxın olan özəl sahibkarlıq subyektlərində təmərküzləşərək, fəaliyyət göstərir. Estoniyada, 1996-cı ildən “Tiigrihüpe” proqramı çərçivəsində informasiya kommunikasiya infrastrukturunun genişləndirilməsi o cümlədən, onun texnoloji cəhətlərinin məişət və cəmiyyət həyatına inteqrasiyası istiqamətində atılan addımlar ötən 24 ildə ölkə ÜDM-ni 6,5 dəfə artıraraq, 4 milyard 780 milyondan 31 milyard 390 milyona yüksəlməsinə rəvac verdi. Uzunmüddətli və intizamlı fəaliyyət, həmçinin qanunvericilik səviyyəsində təmin olunan ən müxtəlif təşviq vasitələri nəticə etibarilə, 1,3 milyon əhalisi olan Estoniyanın, 23,524$ (2019, nominal) adambaşına düşən ÜDM göstəricisi ilə dünya sıralamasında qabaqcıl mövqedə yerləşməsinə şərait yaratdı. Yeri gəlmişkən qeyd etməliyəm ki, hazırda aylıq 300 milyon aktiv istifadəçisi olan “Skype” platformasının 5 qurucusundan 3-ü estoniyalıdır. 

Rəqəmsallaşmanın stimullaşdırılmasında Estoniyanın total təşviq metodu ilə yanaşı biznes klasterləri vasitəsi ilə spesifik regionlar üzrə prosesi inkişaf etdirən ölkələr də vardır. Buna ən yaxşı nümunə ABŞ-ın Kaliforniya ştatında yerləşən, “Apple”, “Facebook”, “Google”, “Netflix”, “Tesla”, “Twitter”, “Yahoo!”, “eBay”, “Cisco” və “Oracle” kimi dünyaca məhşur nəhəng şirkətlərə ev sahibliyi edən “Silikon Vadisi” rəqəmsal klasteridir. Əsasən müdafiə sənayesi üzrə tədqiqatlar üçün nəzərdə tutulmuş sonradan Stanford Universitetinin təşəbbüsü ilə mülki tədqiqatlara da açılmış ərazi, ötən əsrin 70-ci illərindən etibarən informasiya kommunikasiya texnologiyaları üzrə ixtisaslaşan şirkətlərin qərargahına çevrildi. ABŞ Ticarət Departamentinin İqtisadi Təhlil Bürosunun 2017-ci ildə Kaliforniya ştatı üzrə dərc etdiyi hesabata görə ştatın 3,2 trilyon dollar olan Ümum Daxili Məhsulunda 400-450 milyard dollarlıq İKT sektorunun payının əhəmiyyətli bir hissəsi, təkcə 2018-ci ildə 60 milyard dollardan bir qədər çox investisiya cəlb edən xüsusi zonanın hesabına formalaşır. Göstəricilər bir daha sübut edir ki, bu qəbildən olan zonaların xarici investisiya və təşəbbüskar cəlb etmə qabiliyyəti olduqca yüksəkdir. Sözügedən metodunun digər uğurlu örnəyi Hindistanın Karnataka ştatının paytaxtı Banqalor şəhəri hesab olunur. Həcm baxımından dünyanın 4-cü texnoloji kalsteri olan şəhər, 200 ali və orta mühəndislik məktəbi o cümlədən, 400-ə yaxın tədqiqat mərkəzi ilə araşdırma və inkişaf nöqteyi-nəzərindən regionun qabaqcıllarındandır. Nəzərə alsaq ki, ölkə Ümum Daxili Məhsulunun %10-i təşkil edən rəqəmsal sektoru əksərən Banqalor özünün rəqəmsal məhsulları ilə təmin edir, o zaman bir metodoloji yanaşma kimi onun müvəffəqiyyəti inkaredilməzdir. 

Banqalor təcrübəsinin bənzəri qardaş Türkiyə Respublikasında “Bilişim Vadisi” adı ilə formalaşıb. Belə ki, hər iki ölkə, biznes inkubatoru adlanan mexanizmi proseslərə inteqrasiya etməklə, uğuru davamlılaşdırmağa hesablanmış addımlar atır. Türkiyənin İstanbul şəhərinin yaxınlığında yerləşən Qebze sənaye ərazisində qurulmuş “Bilişim Vadisi”ndə ən müxtəlif stimullaşdırıcı vasitələrlə informasiya kommunikasiya texnologiyaları sektorunun şirkətləri təmərküzləşdirilməyə çalışılır. Bu cəhd özünün ilkin nəticəsini yerli elektrik avtomobil layihəsi olan “TOGG” markasının istehsalının məhz “Bilişim Vadisi”ndə start götürməsi ilə göstərdi. Orta dövr üçün xüsusi zonanın rezident sayının 5000 şirkətə çatacağı, 50 milyard dollarlıq dövriyyə və 100 min nəfərlik məşğulluq sahəsi yaradacağı qardaş ölkənin müvafiq orqanlarının dərc etdiyi hesabatlara əsasən gözləniləndir. Azərbaycanda dövlət tərəfindən qeyri-neft sektorunun inkişafı çərçivəsində rəqəmsal sferada son dövrdə atılan addımlara əsasən demək mümkündür ki, dünya təcrübəsinin mütərəqqi cəhətlərinin respublikamızda tətbiqi üçün sağlam fundament formalaşdırılıb. Həmçinin keçmişdə reallaşdırılan layihələr onu göstərir ki, Azərbaycan doğru zamanda, doğru məhsulu satışa çıxarmaqla iqtisadi cəhətdən olduqca rasional hərəkət edir. Bu baxımdan, düşünülmüş neft strategiyaları sayəsində karbohidgrogen ehtiyatlarını kommersiyalaşdıraraq “Azərbaycan Möcüzəsi” adlanan iqtisadi tərəqqiyə nail olundu. 

Məhz iqtisadi vəziyyətə adekvat atılan addımların fonunda, 2006-ci ilin artım statistikasına görə məmləkətimiz 34.6%-lə dünya birincisi oldu. Bu gün isə kommersiyalaşdırmaq üçün ən məqsədəuyğun olanlar, rəqəmsal və texnologiya tutumlu məhsullardır. Abşeron yarımadasında yaradılacaq “Rəqəmsal Körfəz” adlı rəqəmsal biznes kalsteri ölkəmizin əlavə dəyər yaratma potensialını maksimallaşdıraraq, iki kateqoriyada; həm daxili, həm də xarici aspektdən xeyli dividendlər gətirəcəkdir. Daxili cəhətdən “Rəqəmsal Körfəz”, milli intellektual kapitalın ən məhsuldar seqmentinin ölkə sərhədləri daxilində məşğulluğunun tam təminatına şərait yaradacaq, o cümlədən əcnəbi insan resursunun buraya axınına (beyin axını) rəvac verəcək. Həmçinin sahənin spesifik ərazidə inkişafı üçün endemik şərait yaradıldığı halda (rezidentlərə vergi güzəştləri, alternativ maliyyə mənbələrinə çıxış imkanları və s.), natural yolla çoxsaylı iri vergi ödəyiciləri meydana çıxacaqdır. O cümlədən, informatika sfreasında fəaliyyət göstərən yerli şirkətlərin məhsulları bəzi sahibkarlıq sahələri üzrə zəruri olan proqram təminatının xaricdən idxalını məhdudlaşdıraraq, həm Azərbaycan vətəndaşlarının bu və ya digər datasının xaricə ötürülməsinin və onun emal edilərək 3-cü tərəfə satılmasının qarşısını almaqla milli informasiya təhlükəsizliyimizə qarantiya verəcək, həm də satış sonrası rəqəmsal təmir-bərpa xidməti üçün xarici valyuta qismində ölkədən kənara olan ardıcıl ödənişləri minimallaşdıracaq. 

Bütövlükdə, yerli proqramlaşma daha az xərc tələb etdiyindən yerli sahibkarlar milli məhsulları satın alaraq, onları biznes proseslərinə inteqrasiya etməyə meyllənəcəklər və şübhəsiz ki, bu hal isə Azərbaycandakı biznes ekosisteminin təkmilləşməsinə və ölkəmizin özəl sektorunun dünya miqyasında rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcəkdir. Ölkə daxilində fəaliyyət göstərən ali təhsil qurumları ilə koordinasiya nəticəsində sözügedən ərazi sözün həqiqi mənasında elmi-tədqiqat mərkəzinə çevrilərək, unikal bir institut kimi fəaliyyət göstərəcəkdir. 

Ən əsası, respublikamızın müdafiə qabiliyyətinin artırılmasında müstəsna rola malik olan yerli müdafiə sənayesinin rəqəmsal hissəsinin inkişaf ettirilməsi üçün yeni imkanlar yarana bilər. Rəqəmsallaşmanın sərhədlərinin olmadığını nəzərə alsaq, o zaman onun ölkə üzrə bütün sektorlarda tamamilə yeni ab-hava bərqərar edəcəyi aşkardır. Məsələyə böyük prizmadan baxdıqda, Orta Asiya ölkələrinə də sirayət edən rəqəmsallaşma tendensiyasının ortaya çıxardığı tələbatı qarşılayacaq tək regional mərkəz Azərbaycan olacağından məhz bu amilin investisiya axınını sürətləndirəcəyi və respublikamızın MDB-nin “Silikon Vadisi” olmaq imkanını əldə etməklə, qlobal miqyasda qeyd edilən sahə üzrə olduqca üstün vəziyyətdə olacağı görünür. 

Rəqəmsal iqtsadi siyasətdə müstəqilləşməyimiz TAP və TANAP kimi meqalayihələrlə artıq beynəlxalq oyunçuya çevrilmiş Azərbaycanın mövqelərini möhkəmlənməsinə xidmət edəcəkdir. Həmçinin ölkəmizə xüsusi zona səbəbindən texnologiya tutumlu xarici investisiyaların artan xətt üzrə inkişafı milli iqtisadiyyatımız üçün strateji əhəmiyyət daşıyan diversifikasiya amilinin asanlıqla reallaşması üçün zəmin hazırlayacaq. Bundan əlavə, MDB məkanında regional bir rəqəmsal mərkəz kimi Bakıda sözügedən sahə üzrə keçiriləcək beynəlxalq konfrans və tədbirlər, ölkəmiz üçün biznes turizmi baxımından da yeni perspektivlər vəd edir. Nəticə etibarilə, xüsusi klaster vasitəsi ilə səlahiyyətlilərlə biznes subyektlərinin münasibətlərinin qeyri-bürokratik çərçivədə qurulması davamlı tərəqqini stimullaşdıraraq, Azərbaycan iqtisadiyyatının dinamik inkişafına əvəzolunmaz töhfə verəcəkdir. Digər ölkələrin təcrübəsinə nəzər salındıqda, qısa dövr ərzində çoxminlik məşğulluq sahələrinin və yüzlərlə şirkətin yaranmasının mümkünlüyü açıq-aşkar görünür. 

Bütün bu qeyd edilən faktorların vəhdəti sayəsində rəqəmsal sektor üzrə çoxmilyardlı dövriyyə yaratmaqla qeyri-neft sektorunun inkişafında çox ciddi irəliləyişə nail olmaq mümkündür. Belə olan halda, bir çox sahədə olduğu kimi rəqəmsal sferada da qabaqcıl ölkə olmaq üçün Azərbaycanın rəqəmsal biznes klasterinə ehtiyacı vardır. 

Nicat Muradzadə


Oxunma sayı: 21781

Oxşar yazılar