Türkiyə XİN: “Ermənistan hakimiyyətinin ağlını başına yığmasının vaxtı çatıb”

  • 10:36 - 11 Avqust

Türkiyə Xarici İşlər Nazirliyi Sevr sazişinin 100 illiyi bəhanəsilə Ermənistan hakimiyyəti tərəfindən yayılan açıqlama ilə bağlı bəyanat yayıb.

Avropa.info xəbər verir ki, bəyanatda deyilir:

“Birinci Dünya müharibəsinin sonunda vətənimizi parçalayaraq müstəqilliyimizə və suverenliyimizə son qoymaq məqsədi daşıyan Sevr sazişi işğal və məhv planlarının həyasızca ortaya qoyulduğu bir ibrət vəsiqəsidir. 

Türk milləti qəhrəmanlıq göstərdiyi Qurtuluş savaşından sonra 1923-cü ilin iyul ayının 24-də imzaladığı Lozan sülh müqaviləsi ilə Sevr sazişini cıraraq tarixin zibilliyinə atıb. Aradan bir əsr keçməsinə baxmayaraq tarixdən dəsr çıxarmaq əvəzinə düşmənçilik yaradanların bu sənəddən mədət umması təəccüblü deyil.

Türk millətinin Anadolunu işğal etməyə cəsarət edənlərə verdiyi dərs və imperializmə vurduğu ağır zərbə tarix kitablarında “dərs” olaraq öyrədilir. Bu şərəfli mübarizə digər məzlum millətlərə nümunə olub. 

Belə məkrli əməllərə qapılanlar bilməlidirlər ki, Türkiyənin vətəni və milləti ilə bölünməz birliyini davam etdirmə qərarlılığı qarşısında həvəsləri qursaqlarında qalacaq. 

İllərdir Azərbaycan torpaqlarında qeyri-qanuni işğalı davam etdirən Ermənistan regional sülhün və sabitliyin bərqərar olmasına əngəl yaradır. Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkərək ağıllarını başlarına almasının vaxtı gəlib”.


Oxunma sayı: 3884

Oxşar yazılar