Belarusda seçki sonrası qarşıdurma, yaralılar var -Müxalif lider Tixanovskaya özünü qalib elan edir (VİDEO, Yenilənir)

  • 23:30 - 09 Avqust

Belarusda prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət Minskdə yerləşən "Müstəqillik" meydanına toplanmağa cəhd edib. 

Avropa.info xəbər verir ki, OMON etirazçılara müdaxilə edib. Suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə olunduğu bildirilir. Yaralıların olduğu qeyd edilir, həbslər var.

Bu arada Belarus prezidentliyinə müxalifətin əsas namizədi olan Svetlana Tixanovskaya az öncə mətbuat konfransı keçirərək seçkilərdə qalib gəldiyini açıqlayıb.

***

“Belarus-1” dövlət telekanalı ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə dair exit-pol açıqlayıb. Telekanal bildirir ki, seçki məntəqələrinin qarşısında keçirilmiş sosioloji sorğuların nəticələrinə əsasən Aleksandr Lukaşenko 79.9 faiz səs alıb. Onun əsas rəqibi Svetlana Tixanovskaya 6.8 faiz səslə kifayətlənməli olacaq.

Exit-polu “Mir” telekanalının Belarusdakı nümayəndəliyi sifariş edib.

Son məlumatlara görə paytaxt Minskdə və digər şəhərlərdə müxalifət tərəfdarları seçki məntəqələrinin qarşısına toplaşır. Lakin Belarus OMON-u kütləvi həbslər aparır və insanların bir yerə cəmləşməsinə imkan vermir.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşinə bəyan edib ki, seçkini uduzanlar nəticəni sakit qəbul etməlidir və öz tərəfdarlarını həyacanlandıran bəyanatlar verməməlidir. "Ən başlıcası məğlubiyyəti qəbul edə bilməkdir. Məğlub olan tərəf qalibin əlini sıxmalı və onu təbrik etməlidir",-MSK rəhbəri bildirib.

 

***

Bu gün Belarusda keçirilən prezident seçkilərində səsvermə az əvvəl başa çatıb. Virtualaz.org xəbər verir ki, Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 18.00-da seçicilərin 79 faizinin səs verdiyini açıqlamışdı.

Prezident Aleksandr Lukaşenkonun təyyarəsi isə səsvermənin başa çatmasından əvvəl Minskdən havaya qalxıb. Bu haqda PlaneFinder saytının məlumatları təsdiq edir. EW-301PJ bort nişanlı təyyarənin İstanbula enəcəyi göstərilirdi.

Lukaşenkonun təyyarəsinin Minskdən uçmağa hazırlaşdığı haqda bundan əvvəl NEXA Telegram-kanalı bildirirdi. Məlumata görə bütün heyət üzvləri səfərbər olunub, pilotlar aerportda gecələyiblər.

Əlavə olaraq Minsk aerportu ətrafında minaaxtaranlar bütün yanaşma yollarını yoxlayıblar. Bu, adətən Belarus prezidentinin harasa uçmasından əvvəl baş verir.

Habelə səsvermənin başa çatmasına az qalmış Minskə böyük sayda hərbi texnika yeridilib. Sosial şəbəkələrdə yerləşdirilmiş kadrlara əsasən Minsk küçələrində içərisində hərbçilər olan çoxsaylı yük maşınları görünür. Habelə üzərlərində tanklar daşıyan qoşquların Minskə doğru hərəkət etdiyi barədə görüntülər var.

Digər kadrlarda zirehli texnika şəhərə girərkən görünür. O cümlədən çoxsaylı hərbi yük maşınları və içərisində hərbçilər olan avtobuslar, habelə suvuran maşınlar və dustaqları daşımaq üçün maşınlar Minskə yeridilib.

Şahidlər bildirir ki, hətta təcili yardım maşınlarında da daxili qoşun əsgərləri Minskə girib. Küçələrin birinin tinində əllərində qalxanlar olan milisləri boşaldan 7 avtobusun görüntüləri də yayılıb. Küçədən keçənlər milislərdən nə üçün gətirildiklərini soruşub. Sürücülər cavab verib ki, nümayişləri dağıtmaq üçün göndəriliblər.

Təhlükəsizlik qüvvələri əsasən hökumət binalarının ətrafına cəmləşdirilir. Üstəlik Minskə o qədər hərbi texnika yeridilib ki, regionlarda etirazçıların qarşısını kəsməyə demək olar qüvvə qalmayıb.  


Oxunma sayı: 14367

Oxşar yazılar