Vətəndaşların sosial hüquqlarını necə qoruyaq?

  • 13:28 - 08 Avqust

Hazırda respublikamızda vətəndaşların rifah halının daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrin uğurla icra olunması istiqamətində böyük layihələr həyata keçirilir. Dövlət orqanlarında vətəndaşlara xdmət sahəsində bürokratik əngəllərin aradan qaldırılması, ASAN xidmətin uğurlu tətbiqi, korrupsiyaya qarşı mübarizə istiqamətində ardıcıl işlərin görülməsi təqdirəlayiqdir.

Lakin bütün bunlarla yanaşı, bir sıra hallarda yerli icra orqanları tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığı və s. hallarla rastlaşırıq. Belə ki, vətəndaşların müraciətlərinə, problemlərinə laqeyd münasibət və onların müraciət etmək hüququnun pozulması halları hələ də mövcuddur.

Vətəndaşların müraciətlərinin təhlili, onların yaranma səbəblərinin öyrənilməsi bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz. Lakin vətəndaşlara əsaslı cavab verilməyəndə onlar öz problemlərini həll etmək üçün aidiyyəti qurumlara növbəti müraciət göndərir ki, bu da təkrar və çoxsaylı müraciətlərin yaranmasına səbəb olur. Unutmaq olmaz ki, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması hər bir dövlət qurumunun ən mühüm vəzifələrindən biridir.

Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, müvafiq qanunda göstərildiyi kimi,qanunçuluğun tətbiqi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılmasıdır. Eyni zamanda, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi, vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də bütün dövlət qurumlarından və vəzifəli şəxslərdən tələbi budur ki, həmin prinsiplər daim rəhbər tutulsun. Prezident 2019-cu il yanvarın 29-da Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda demişdir: “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin apardığı təhlillərdən görünür ki, 2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir. 2017-ci illə müqayisədə şikayətlərin faizi azalsa da, müraciətlərin ümumi sayının bir qədər artması onunla izah edilir ki, indi internet şəbəkəsinin gündən-günə genişlənməsi Prezidentin rəsmi saytı, həmçinin bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının saytları vasitəsilə vətəndaşların eyni vaxtda eyni məzmunlu müraciətlərlə bir neçə ünvana elektron formada müraciət etməsinə imkan verir və onlar bu imkandan daha geniş yararlanırlar.

Bu şikayətlər əsasən, şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, qeydiyyata alma, informasiya sorğusunun cavablandırılması, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa, məhkəmə qərarlarının icrası, xüsusilə alimentin və borcun ödənilməsi ilə bağlı olmuşdur.

Yuxarıda qeyd olunanlardan aydın görünür ki, əhalinin sosial hüquqi maariflənməsinə böyük ehtiyac duyulur. Əhalinin sosial hüquqlarını, sosial qanunvericiliyi bilməməsi bir çox hallarda onların hüquqlarının pozulmasına, rüşvətxorluq, qeyri-şəffaf fəaliyyət, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifqadə etməsinə və ya bu səlahiyyətləri aşmasına gətirib çixarır ki, bu da sonda vətəndaşlar tərəfindən haqlı olaraq sosial narazılıqla qarşılanır. Bu problemlər dairəsinə yerlərdə torpaq islahatları, sosial müavinətlərin verilməsi, pensiyaların düzgün təyin edilməsində buraxılan nöqsanlar, yerli icra orqanlarının nümayəndələrinin vətəndaşların sosial hüquqlarının bəzi hallarda izah olunmasında fəallıq göstərməməsi daxildir ki, nəticədə kənd və rayonlarda növbələr, şikayətçilərin sayının artması ilə müşahidə olunur.

Vətəndaşların bir çox hallarda Azərbaycan qanunlarının bizə verdiyi hüquq və azadlıqlar haqqında bilik və məlumatlarının yetərincə olmaması, bu sahədə maarifçiliyin lazımi səviyyədə aparılmaması mühüm hüquqlarının pozulması faktlarını artırır. Regionlarda yaşayan əhalinin müəyyən bir qisminin ali təhsilli və ya hüquqi cəhətdən savadlı olmamaları, hətta, dövlət orqanlarına məktub və ərizələrlə necə müraciət etməyi belə bilməmələri, bir çox hallarda onları hüquqlarının arxasınca getmək fikrindən daşındırır. Cəmiyyətdə bir çoxlarımıza bəlli olan bu problemlərlə hamımız rastlaşsaq da, nədənsə, onun əsas səbəblərini və aradan qaldırılması yollarını ortalığa qoymuruq. Bütün hallarda bu yol sosial-hüquqi maariflənmədən keçir. Bu gün geniş əhali kütləsinin insan hüquq və azadlıqları, sosial qanunvericilik sahəsində kütləvi maariflənməsinə, məhkəmə-vəkil, hüquqşünas xidmətindən fəal istifadə etmə imkanına malik olmasına, öz hüquqlarını durmadan təbliği və qorunmasına cəmiyyətimizin də, dövlətimizin də ehtiyacı var.

Səid Əhmədli

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” layihəsi çərçivəsində çap olunur.


Oxunma sayı: 9989

Oxşar yazılar