Sumqayıt Etilen-Polietilen zavodunda yanğın söndürülüb, 7 nəfər xəsarət alıb - Yenilənib

  • 18:52 - 07 Avqust

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərində SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda baş verən yanğının söndürülməsi ilə bağlı məlumat yayıb.

Avropa.info-nun nazirliyin saytına istinadən verdiyi xəbərə görə, zavodun ümumi sahəsi 1200 m2 olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıqlar, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı zavodun 7 nəfər əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

saat 14:09

Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğın söndürülüb. 

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğın zamanı orada işləyənlər – 1987-ci il təvəllüdlü Əliyev Qadir Adil oğlu, 1986-cı il təvəllüdlü Qurbanov İlqar Ələmdar oğlu, 1965-ci il təvəllüdlü Hüseynov Nizami İlyas oğlu, 1981-ci il təvəllüdlü Cəlilov Murad Xasməmməd oğlu, 1973-cü il təvəllüdlü Tağıyev Mehman Tapdıq oğlu, 1983-cü il təvəllüdlü İbrahimov Yalçın bayram oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Xəyal Akif oğlu xəsarət alıblar.

***

saat 12:57

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

Avropa.info-nun nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

saat 12:49

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir, tam söndürülməsi istiqamətində işlər aparılır. 

APA-nın əldə etdiyi məlumata görə, yanğında yeddi nəfər xəsarət alıb. 

1 / 2


 


Oxunma sayı: 9461

Oxşar yazılar