Şəkidə leysan yağışlar evlərə və təsərrüfata ziyan vurdu - İcra hakimiyyəti sakinləri günahlandırdı

  • 15:32 - 04 Avqust

Şəkidə güclü yağıntılardan sonra arxlarda tıxanmalar baş verib.

Avropa.info xəbər verir ki, bu barədə Trend-ə Şəki Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Taleh Alxasov bildirib. Onun sözlərinə görə, arxların tıxanmasına səbəb sakinlərin ora zibil atmasıdır:

"Şəkidə yağan son leysan yağışları rayonda bir çox fəsadlar törədib. Güclü sel suları sakinlərin təsərrüfatına, evlərinə ziyan vurub. Buna səbəb isə arxların tıxanmasıdır. Əvvəllər yağıntılar olan zaman sular arxlarla normal bölünərək üzüaşağı istiqamətdə axaraq fəsadsız ötüşürdülər. Hazırda isə həm əhalinin çoxalması, həm də atılan tullantılar səbəbindən arxlar dolur, suyun hündürlük səviyyəsi 1 metri keçərək ətrafı basır. Belə olduğu halda da fəsadlar ortaya çıxır".

T.Alxasov əlavə edib ki, Şəkinin aran zonasında yağıntılar az olsa da, dağlıq ərazilərdə güclü sel olur. Yuxarıdan aşağı gələn sel suları asfaltın üzəri ilə axaraq daha da sürətlənir:

"Şəkinin 5 min ildən çox yaşı var. Dədə-babalarımız burada yol infrastrukturunu elə qurub ki, normalda yağan yağışın 50 faizini torpaq udurdu. İndi isə yollar asfaltlanıb, bəli, bu, yaxşı əlamətdir, ancaq onu da nəzərə almaq lazımdır ki, yağıntılar zamanı asfalt səbəbindən suyun cəmi 20 faizi torpağa hopur, qalanı isə üzüaşağı sürətlə axaraq fəsadlar törədir. Hazırda bütün sakinlər, aydiyyəti qurumlar əl-ələ verərək fəsadları aradan qaldırırlar".

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yusif Məmmədov isə Trend-ə açıqlamasında bildirib ki, yağıntılardan sonra ziyan çəkmiş sakinlər kollektiv və fərdi şəkildə İcra Hakimiyyətinə ərizə ilə müraciət ediblər:

"Biz də, öz növbəmizdə, aidiyyəti orqanlara, xüsusilə də Fövqaladə Hallar Nazirliyinə bildirmişik. Fəsadlar olduğu əraziyə baxış keçirilib. Bütün zərər dəymiş ərazilər aktlaşdırılaraq FHN əməkdaşlarına təqdim olunub".


Oxunma sayı: 8042

Oxşar yazılar