Adı korrupsiya qalmaqalında hallanan sabiq kral sürgünə gedir

  • 14:29 - 04 Avqust

Taxtından imtina etmiş sabiq İspaniya kralı Xuan Karlos barəsində səslənən korrupsiya iddialarından sonra ölkəsini tərk edəcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, 82 yaşlı Xuan Karlosunun sürgünə getməsi qərarını İspaniya Krallıq Ailəsi açıqlayıb. O, qərarının əks olunduğu məktubu oğlu kral VI Filipə təqdim edib. Karlos məktubunda haqqında açılan istintaq işləri ilə bağlı ifadə verə biləcəyini qeyd edib.

İspaniya Krallıq Ailəsi Məkkə-Mədinə sürətli qatar layihəsi tenderindən komisyon haqq almaqda ittiham olunan Xuan Karlosun dövlətdən aldığı maaşı kəsmişdi.

2014-cü ildə taxt-tacı oğlu VI Filipə verən Xuan Karlos kral titulunu saxlamaqla yanaşı dövlət büdcəsindən ildə 198 min 845 avro maaş alırdı.

Aldığı 65 milyon avroluq komissiya haqqını dostu Korinna zu-Sayn-Vittgenşteynə verdiyi və bu pulu Panamada qeydiyyatda olan fond vasitəsilə İsveçrə banklarından bir hesaba yerləşdirdiyi iddia olunan sabiq kral haqda İsveçrədə və İspaniyada istintaq işi başlamışdı.

Xuan Karlos haqda parlamentdə iki dəfə istintaq komissiyası qurulması təklif edilsə də, koalisiya hökumətinin ortağı Sosialist Fəhlə Partiyası və ana müxalifət partiyası Xalq Partiyasının səsləri ilə təklif rədd edilmişdi.


Oxunma sayı: 7756

Oxşar yazılar