Türkiyənin Azərbaycana açıq dəstəyi Rusiyada həyəcan yaratdı: Naxçıvanda birgə hərbi təlimlər və bunu siyasi nəticələri təhlil olundu

  • 13:11 - 04 Avqust

“İndi isə Türkiyə, əslində, Ermənistan-Azərbaycan münaqişəsinin iştirakçısına çevrilir. Ərdoğan "Türk xəyalını" həyata keçirməyə hazırlaşır və Ankara digər münaqişələrə müdaxilə edir”.

Avropa.info xəbər verir ki, Rusiyanın Lenta.ru portalı Azərbaycan-Ermənistan münaqişəsi, Türkiyə prezidentinin Azərbaycana verdiyi dəstək, Naxçıvanda hərbi təlimlər və bunun siyasi nəticələrini təhlil edən “Ərdoğan öz qaydalarına görə oynamağı sevir” adlı yazı ilə çıxış edib.

"Bu, Azərbaycana qarşı planlı hücum idi" - Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan arasında başlayan son münaqişədən bir gün sonra bu açıqlamanı vermişdi. Son illər Türkiyə Azərbaycan-Ermənistan münaqişəsində tez-tez və kifayət qədər ciddi bir mövqe tutur. Ölkənin müdafiə naziri Hulusi Akar hərbi eskalasiya vəziyyətində Bakını tam dəstəklədiyini açıqladı, Ermənistanı bir daha günahkar kimi göstərdi.

Zənn etmək olardı ki, dəstək sözlərdən o tərəfə keçməyəcək. Çünki İrəvan KTMT müqaviləsi ilə Rusiyaya bağlıdır, heç kəsə lazım olmayan gərginliliyin riski çox yüksəkdir. Lakin cəmi iki həftə sonra Türkiyə hərbçilərinin iştirakı ilə Azərbaycanda kütləvi təlimlər başladı.

Formal olaraq tərəflər hərbi manevrlərin çoxdan planlandığını bildirirlər. Lakin təlimləri son hadisələrin kontekstindən kənarda nəzərdən keçirmək qeyri-mümkündür. Xüsusilə, rəsmi Bakı son münaqişəni müharibənin başlanğıcı adlandırandan sonra. Təlimlərdə zirehli maşınlar, artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, hava hücumundan müdafiə qüvvələri və iki ordunun zenit-raket bölmələri iştirak edib. Aydın məsələdir ki, hərbi gücün belə bir miqyasda cəmləşməsi heç olmasa gərginliyin azalmasına töhfə vermir. Bəs uzun müddət Rusiyanın təsir zonası sayılan regionda Türkiyənin bu qədər fəal davranmasının səbəb nələrdir?

İMEMO RAS-ın baş elmi işçisi, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dosenti Vladimir Avatkov Türkiyənin bütövlükdə son dərəcə aktiv, hücum xarakterli xarici siyasət xəttini davam etdirdiyini vurğulayır:

"Türkiyənin üç dünyada: keçmiş Osmanlı dünyasında ("neo-Osmanlılıq"), İslam dünyasında və Türk dünyasında özünün yumşaq və sərt gücünü nümayiş etdirməsi prinsipial əhəmiyyət daşıyır. Buna görə də Türkiyə, vəziyyətdən asılı olmayaraq, postsovet məkanının türk dövlətləri ilə həmrəydir və özünü türk dünyasının mərkəzi kimi göstərir. Ankaranın Bakı ilə İrəvan arasındakı qarşıdurmada, Azərbaycanla hərbi təlimlər keçirməsi də məhz budur.

Rusiya, Türkiyədən fərqli olaraq, münaqişə tərəfləri arasında bir bufer rolunda çıxış etməyə, onları fərqli tərəflərdən ayırmağa çalışır - tarix boyu olduğu kimi”.

Avatkovun fikrincə, Türkiyə təkcə regional deyil, həm də dünya proseslərinə təsir göstərə biləcək bir güc imicini yaratmaq üçün bu münaqişələrdə həm də hərbi gücdən də istifadə etməyə çalışır.

“Türkiyə regional və dünya liderliyi ambisiyalarını reallaşdırmaq üçün münaqişəyə girməyə hazırdır. Bu üzdən Yunanıstan, Fransa və Qafqaz ilə ziddiyyətləri var” - Vladimir Avatkov deyir.

Avatkov Ankaranın, eyni zamanda, NATO tərəfdaşlarından asılı olmayan müstəqil xarici siyasətinin Moskva üçün son dərəcə vacib olduğunu xatırladır. Bununla yanaşı, bəzi xarici siyasət məsələlərində aqressiv yanaşma bir çox risklərlə üzləşir, bunlardan biri də Rusiyanın heç də maraqlı olmadığı Cənubi Qafqazda münaqişənin kəskinləşməsidir.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun tədqiqatçısı Amur Hacıyevin sözlərinə görə, Ərdoğanın Dağlıq Qarabağ münaqişəsində hərbi vasitələrdən istifadəsi ehtimalı azdır. Mümkün ssenari nümunəsi olaraq, o, Aralıq dənizinin şərqində Yunanıstanla Türkiyə arasındakı toqquşmaları, Türkiyənin şelfdə kəşfiyyat işləri aparmağa başladığı vaxtı misal gətirir:

"Hər iki tərəfdən səslənən təhdidlər mübahisənin hərbi yolla həllinə müraciət edilməsini mümkün edirdi. Ancaq Avropa Birliyi müdaxilə etdi və vasitəçilik ilə gərginliyi aradan qaldırdı.

Hacıyev hesab edir ki, Türkiyə Cənubi Qafqazdakı münaqişədəki imkanlarını artıq dərk edib və indi daha çox dialoqa meyllidir. İstanbuldakı Ayasofya muzeyinin məscidə çevrilməsindən sonra sərt beynəlxalq reaksiya verməməyə çalışdığını nəzərə alaraq vasitəçi rolu ilə kifayətlənə bilər. Türkiyənin Ermənistana qarşı Dağlıq Qarabağ münaqişəsində iştirak etməsi ehtimalı azdır. Bu, sadəcə onun xeyrinə deyil.

“Əlbəttə, Azərbaycan onların ən yaxın müttəfiqidir. “Bir millət - iki dövlət” şüarları var. Ancaq güc nümayiş etdirmək ondan istifadə etməyə hazır olmaq demək deyil” – Hacıyev deyib.

Bu məntiqlə Ankara üçün vasitəçi statusunu qorumaq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunda birbaşa iştirakçı olmaqdan daha xeyirlidir.

Aydındır ki, Dağlıq Qarabağ Ankaranın Rusiya ilə maraqlarının kəsişdiyi heç də ilk region deyil. Suriyada dörd ildən bir belə bir toqquşma müşahidə olunur. Suriya səmasında Rusiya təyyarəsinin vurulması ilə bağlı hüznlü insident və Suriya hökumət qoşunlarına qarşı aparılan “Bahar qalxanı” əməliyyatını xatırlamaq kifayətdir.

Müsəlmanları qorumaq siyasətindən əlavə Türkiyəni tez-tez ehtiyac olduqda Orta Asiya türk dövlətlərini, o cümlədən Rusiya ərazisindəki türk dövlətlərini birləşdirə biləcək pantürkizm ideologiyası ilə əlaqələndirirlər. Bax, burada Ankaranın təkcə sərt yox, həm də “yumşaq güc”ü ortaya çıxır.

“Türkiyə onları məntiqli saydığı tək düzgün mövqeyinə əməl etməyə məcbur edir. Bununla da türk dövlətlərinə, o cümlədən Azərbaycana idarəolunan təsir mexanizmləri formalaşdırmağa çalışır” – Vladimir Avarkov hesab edir.

Politoloq bunun üçün Ankaranın bütün mümkün vasitələrdən – “yumşaq güc”dən (təhsil, elm), biznesdən, lobbist qrupların yaradılmasından istifadə edir.

Avropa.info


Oxunma sayı: 8867

Oxşar yazılar