Türkiyədən Ermənistana daha bir sərt mesaj : "Xam xəyallarını həyata keçirməyə əsla izn verməyəcəyik"

  • 00:27 - 04 Avqust

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bayram təbriki üçün zəng etdiyi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefon danışığı zamanı, erməni təcavüzünə qarşı rəsmi Ankaranın rəsmi Bakıya tam dəstək verdiyini bildirib. 

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb. 

Məlumata görə, telefon danışığı zamanı Mustafa Şentop Ermənistanın Azərbaycan torpaqlarına son təcavüzkar hücumu zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəti mövqeyini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyanın gördüyünü deyib. Telefon danışığı zamanı Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri də müzakirə olunub. 

Şentop, Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə də düşmənçilik etdiyini, işğalçı ölkənin rəsmi Ankaraya qarşı da əsilsiz ərazi iddiaları irəli sürdüyünü bildirib. 

"Türkiyə və Azərbaycan Ermənistanın xam xəyallarını həyata keçirməsinə əsla izn verməyəcək" - Şentop belə deyib. 

Milli Məclisin sədri Sahibə Qafarova isə Ermənistanın bir işğalçı ölkə olduğunu, Türkiyə və Azərbaycanın qardaşlığının dünyaya örnək olduğunu bildirib. 

"Türkiyə-Azərbaycan qardaşlığı sadəcə Ermənistana qarşı deyil, bütün dünyaya qarşı qardaşlıqdır"- Sahibə Qafarova telefon danışığı zamanı belə deyib. 


Oxunma sayı: 40932

Oxşar yazılar