İmişlidə üzən su nasosu quraşdırılır - FOTO

  • 19:04 - 31 İyul

İmişlidəki göllərdən suyun götürülərək Baş Muğan kanalına ötürülməsi prosesinə başlanılıb.

Avropa.info xəbər verir ki, İmişli rayonunda göllərdə olan su ehtiyatı hesabına suvarma suyunda yaranmış çətinlik yaxın günlərdə aradan qaldırılacaq. Belə ki, rayonunun Xubyarlı, Məzrəli və Çaxırlı kəndləri ərazisində yerləşən göllərdə ümumilikdə 70-100 milyon kubmetr su ehtiyatı var. Həmin göllərin ərazisində karxanalar fəaliyyət göstərdiyi üçün böyük su hövzələri yaranıb. İlkin mərhələdə Xubyarlı kəndi ərazisində yerləşən göllərdəki sudan istifadə olunması nəzərdə tutulur. Bir-biri ilə əlaqəli olan beş gölün ümumi ərazisi 250 hektardır. Dərinliyi 25-30 metr olan bu göllərdə 72,5 milyon kubmetr su ehtiyatı mövcuddur. Bu mənbələr suvarma üçün tam yararlı hesab edilir. Artıq həmin göllərdən suyun götürülərək Baş Muğan kanalına ötürülməsi prosesinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam edir. Göl üzərində quraşdırılacaq üzən nasoslar vasitəsilə su kanala vurulacaq. İlkin mərhələdə nasoslar hesabına saniyədə 5 kubmetr olmaqla, kanalın qidalandırılması nəzərdə tutulub. Eyni zamanda, göllərdəki su ehtiyatından laborator müayinələr də götürülüb. Ehtiyat su mənbələri ilkin mərhələdə suvarma üçün istifadə olunacaq.
     Oxşar göllər rayonun Məzrəli və Çaxırlı kəndlərində də mövcuddur. Çaxırlı kəndində yerləşən və ümumi sahəsi 52 hektar olan iki göldə 24 milyon kubmetr su ehtiyatı var. Həmçinin Məzrəli kəndində də belə iki göl mövcuddur. Onların sahəsi 16 hektar, su ehtiyatı isə 7 milyon kubmetrdən çoxdur. Bu göllərin suyu hesabına rayonun əsas kanallarından olan Qızılarx və Cənubi Muğan kanalları vasitəsilə suvarma işləri yaxşılaşdırılacaq.

Saleh Qafarlı


Oxunma sayı: 22001

Oxşar yazılar