Kardavinin lideri olduğu Beynəlxalq İslam Alimləri Birliyindən Azərbaycana dəstək: "Azərbaycan ordusu düşməni darmadağın etdi"

  • 14:53 - 15 İyul

Beynəlxalq İslam Alimləri Birliyi Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Avropa.info xəbər verir ki, Beynəlxalq İslam Alimləri Birliyinin rəsmi internet səhifəsində “Azərbaycan Ermənistanın provokasiya cəhdinin qarşısını almışdır və Prezident Əliyev Ermənistanın cəhdlərinin iflasa uğradığını qeyd edib” başlıqlı yazı dərc olunub. 

Azərbaycanın haqlı mübarizəsinə dəstək verən yazıda erməni silahlı qüvvələrinin Azərbaycan respublikasının Tovuz rayonu ərazisində yerləşən mövqelərini ələ keçirmək istəməsi, hücumun qarşısının cavab tədbirləri ilə alındığı, erməni mövqelərinin, möhkəmləndirilmiş istehkamların, atəş nöqtələrinin darmadağın edildiyi göstərilir. 

Yazıda xüsusi ilə o da qeyd olunur ki, 13 iyul tarixində erməni silahlı qüvvələri Dondar Quşçu kəndini bombalamış, dinc əhalini geniş kalibrli silahlardan atəşə tutmuşlar. Prezident İlham Əliyev 13 iyul tarixində keçirdiyi təhlükəsizlik şurasının iclasına, ölkə başçısının çıxışına yer verilən bu yazıda xüsusi ilə göstərilir ki, Ermənistan Azərbaycan respublikasının 20 faiz torpağını işğal etmişdir. Bu işğal nəticəsində təxminən bir milyon insan qaçqın düşmüş, minlərlə dinc müsəlman qətlə yetirilmiş, Azərbaycanın dini-mədəni abidələri, o cümlədən məscidlər və qəbiristanlıqlar dağıdılmışdır. Yazıda Beynəlxalq İslam Alimləri Birliyi Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi qeyd olunur.

Qeyd edək ki, Beynəlxalq İslam Alimləri Birliyi 2004-cü ildə misirli din xadimi, ilahiyyatçı Yusif əl-Kardavi (anadan olub – 1926) tərəfindən Londonda təsis edilmişdir. Hazırkı prezidenti Əhməd Rəysuni, Baş katibi isə Əli Qürədağidir. Birliyin üzvlərinin sayı təxminən 90 min nəfərdir. Buraya dünyanın təxminən yüz ölkəsindən olan din alimləri, ilahiyyatçılar, ziyalılar daxildir. Beynəlxalq İslam Alimləri Birliyi  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi ilə tanınır. 


Oxunma sayı: 6161

Oxşar yazılar