Daxildə sabitlik, cəbhədə uğur: Ümid və qətiyyət, qayə və şəhadətin birləşəcəyi tarix – Azər Hüseynovun yazısı

  • 13:59 - 15 İyul

Daxildə sabitlik, cəbhədə uğur! Məmləkət olaraq önəmli bir zaman kəsiminin içərisindəyik. Ermənistan növbəti dəfə torpaqlarımıza, insanlarımıza qarşı cinayətlərə imza atdı. Geosiyasi baxımından yerləşdiyimiz ərazilərin əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Bizi istəməyənlərin niyyətləri, arzuları və istəkləri Azərbaycanı ortadan silməkdir. Belə bir ortamda, hər birimizin fikirlərində, səslənişlərində məsuliyyətli olması lazımdır. 

Tarixi keçmişimizdə sabitliyin pozulduğu dövrlər hamımızın yadındadır. Sabitlik bütün cəmiyyətlərin inkişafında və yüksəlişində əsas amildir. Ölkədaxili məsələlərin müzakirəsində qışqırıcılıq, davakarlıq etmək özlüyündə əqli problemin ifadəsidir. Xüsusi ilə, milli ordu hissələrimizin cəbhə bölgəsində dastan yazdığı bir dövrdə isə təkbirin səslənəcəyi yeganə müstəvi düşmənlə döyüş meydanıdır. 

Daxili əmin-amanlıq, şəxsi və siyasi ambisiyalardan imtina, eləcə də, şayələrə qarşı dirayətli davranış milli ordu hissələrimizin qələbəsi üçün ən əsas dəstəkdir. Gəmimizi batırmaq istəyənlərə, eləcə də gəmimizin ətrafında bizi gözləyən köpək balıqlarına qəti bir şəkildə sevinc bəxş etmək olmaz. Gün yüngülağıllılıq günü deyil, gün birlik-bərabərlik, şəhadət eşqi və dünyaya ayaqda olduğumuzu göstərmək günüdür.

Siyasi təhlillər, geosiyasi müzakirələr, təhlili qənaətlər ancaq mütəxəssislərin, əhil adamların işi olmalıdır. Hər kəsin sözünün gündəmə gətirilməsi, hər eşidilənin yayılması, hər sözün söylənilməsi zamanı deyil. Azərbaycanın çiçəklənməsi, qələbəsi, özünün gücünü sübut etməsi hər birimizin maraq dairəsindədir. 

Təsadüfi adamların, hissiyyat dəlallarının, nə üçün və niyə yaşadığına dair konkret fikri olmayanların ümummilli iradənin altında toz olub getməsi zamanıdır. Xüsusi ilə də hazırkı durumda dini şüarlardan kimlərinsə maraqları üçün istifadə edilməsi zamanı deyil. 

Ümid və qətiyyətin, niyyət və əzəmətin, qayə və şəhadətin birləşəcəyi, bədxahların ağlayacağı, imperial kölələrin məyus ediləcəyi, qüdrətin nümayiş etdiriləcəyi gündür. Ona görə DAXİLDƏ SABİTLİK VƏ CƏBHƏDƏ UĞUR şüarı ilə vətən dağlarında qəhrəmanlıq edən bədənlərindən ruhları böyük olan igidlərin yanında durmaq günüdür, bu gün!

Azər Hüseynov
Avropa.info


Oxunma sayı: 5468

Oxşar yazılar