Daha bir Avropa paytaxtını etiraz aksiyaları bürüdü – Polislə toqquşma

  • 11:08 - 10 İyul

Yunanıstanın paytaxtı Afinada nümayişlər haqda yeni qanuna etiraz edən minlərlə adam etiraz aksiyası keçirib.

Avropa.info xəbər verir ki, Afinada parlament binası qarşısında 10 minə yaxın adam yığışıb. Onlardan bəziləri etiraz aksiyasına "Nümayişlərdən əlinizi çəkin" şüarı ilə çıxıb.

Dünən etirazlar bir neçə dəfə küçə iğtişaşlarına çevrilib. Etirazçılardan bəziləri polisə fişəng və müxtəlif əşyalar atıb. Polis gözyaşardıcı qaz və səs qumbaraları ilə cavab verib.

Yeni qanun layihəsinə qarşı həmkarlar təşkilatları, Yunanıstan Kommunist Partiyası, həmçinin sabiq baş nazir Aleksis Siprasın başçılıq etdiyi Radikal Qüvvələrin Koalisiyası çağırır.

Yeni qanunvericiliyə əsasən, Yunanıstan Prokurorluğu küçə iğtişaşlarına çevrilmə təhlükəsi gördüyü halda, artıq planlanmış etiraz aksiyasına qadağa qoya bilər. Bundan əlavə mitinq üçün müraciət edən hər bir təşkilatçı tədbirin təhlükəsiz mahiyyətini təmin etməlidir. Əks halda, onlar məsuliyyətə cəlb olunacaq.

Yunanıstanın mühafizəkar baş naziri Kiriakos Mitsotakisin sözlərinə görə, etirazlar haqda qanun ictimai təhlükəsizliyə xidmət edir. Qanun layihəsi mühafizəkarlar üstünlük təşkil etdiyi parlamentdə səsə qoyularaq qəbul olunub. 


Oxunma sayı: 5963

Oxşar yazılar