Yaponiyada daşqınlar nəticəsində 21 nəfər həlak olub

  • 10:52 - 05 İyul

Həftənin cümə və şənbə günlərində Yaponiyanın cənub-qərbində müşahidə olunan güclü yağışlar fəsadlar törədib, ölənlər var.

Avropa.info xəbər verir ki, güclü yağışlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb. Daha dörd nəfərin isə itkin düşdüyü bildirilir.

Meteoroloqların bildirdiyinə görə, güclü yağışlar nəticəsində Yaponiyanın cənub-qərbində sutkada 400 millimetr yağıntı qeydə alınıb. Kumamoto və Kaqoşima prefekturalarında 320 min nəfər təxliyə olunub.

Kuma çayının bir neçə yerdən daşması nəticəsində Kumamoto prefekturasında yaşayış məntəqələri su altında qalıb. Xilasedicilər və hərbiçilər sakinləri evlərin damından helikopterlər vasitəsilə təxliyə edirlər. Bəzi yerlərdə su evlərin ikinci mərtəbəsinədək qalxıb.

NHK telekanalının helikopterindən aparılan videoçəkilişlərində Kumamoto prefekturasının Sakamoto yaşayış məntəqəsi sakinlərinin idman meydançasında böyük hərflərlə yazdığı SOS işarəsi aydın görünür.

Təbii fəlakət nəticəsində bəzi yaşayış məntəqələri rabitəsiz və elektrik enerjisiz qalıb. Azı 11 yerdə torpaq sürüşməsinin baş verdiyi bildirilir.

Xilasetmə işlərinə Yaponiya özünümüdafiə qüvvələrinin 10 mindən çox hərbiçisi cəlb edilib.


Oxunma sayı: 6216

Oxşar yazılar