İqtidar-müxalifət təmasları: “Bu, “siyasi açılım”ın effektli olacağına ümid yaradıb"

  • 12:25 - 04 İyul

“Son aylar cəmiyyətdə siyasi fəallıq artıb. İqtidarla müxalifət partiyaları arasında siyasi təmaslar intensivləşib”.

Bunu Avropa.info-ya jurnalist, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. 

Onun sözlərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə keçirdiyi görüşlər cəmiyyət tərəfindən müsbət qarşılanıb və “siyasi açılım”ın effektli olacağına ümid yaradıb: “İqtidar-müxalifət dialoqu formatına doğru irəliləyən proses partiya rəhbərləri tərəfindən də alqışlanır. Bu proses çərçivəsində qısa zamanda 7 partiya haqqında qərar qəbul olundu. Siyasi partiyaların qeydiyyat məsələsi uzun illər idi ki, problem olaraq qalırdı. Bu problemin həlli, müxalifət təmsilçilərinin dialoq masasına dəvət edilməsi Azərbaycanda sivil siyasi münasibətlərin formalaşacağına ümid yaradır”.

Bununla belə QHT sədri hesab edir ki, ölkədə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm inkişafı, partiyalarla, siyasi institutlarla dialoqun möhkəmləndirilməsi istiqamətində hələ çox işlər görülməlidir. “Siyasi hakimiyyət opponentlərini danışıq masasına dəvət etməklə, onlarla təmas qurmaqla illərlə yaranmış “buzu sındırdı”. Ümid edirik ki, şüurlarda daşlamış “iqtidarla müxalifət mütləq düşmən olmalıdır” düşüncəsi əriyəcək, sivil münasibətlər sistemi ortaya çıxacaq”-deyə, Elman Cəfərli bildirib.


Oxunma sayı: 5677

Oxşar yazılar