Bakı Şəhər İcra Hakimiyyətində ziyalılarla görüş keçirilib – Foto

  • 10:37 - 04 İyul

Xəbər verildiyi kimi, iyun ayının ikinci yarısından etibarən “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin (FADMM) təşəbbüsü ilə Bakıda ticarət və xidmət obyektlərində dövlət dilindən düzgün istifadə edilməməsi, əcnəbi dillərin Azərbaycan dilini sıxışdırmasına etiraz əlaməti olaraq ölkənin tanınmış ziyalılarından imzalar toplanaraq müvafiq orqanlara və vəzifəli şəxslərə müraciətlər ünvanlanıb. İlk müraciət Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə edilib. Bundan sonra millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət göndərilib. İlk reaksiya Bakı Şəhər İcra Hakimiyyətindən gəlib. BŞİH nümayəndəsi FADMM-in sədri Vasif Sadıqlıya zəng edərək bildiirb ki, müraciət icra başçısı Eldar Əzizovun tapşırığı ilə meriyanın kollegiya iclasında müzakirə edilib və mövcud problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.

Avropa.info-nun  məlumatına görə, iyul ayının 3-də Bakı Şəhər İcra Hakimiyyətində məsələ ilə bağlı tanınmış ziyalılarla görüş keçirilib. 

Görüşdə AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, professor Qulu Məhərrəmli, FADMM-in sədri Vasif Sadıqlı, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Musayeva, filologiya üzrə fəlsəfə doktoru dosent Nuridə Novruzova, hüquqşünas Səməd Vəkilov iştirak edib.

2 saatdan çox davam edən görüşdə problemin həlli yolları müzakirə edilib, bu məsələlərlə birbaşa məşğul olan səlahiyyətli şəxslər (Bakı Şəhər Reklam Agentliyinin rəisi Mehdi Ağayev, Bakı Reklam Fəaliyyətinə Nəzarət şöbəsinin rəisi Tacəddin Əliyev, Reklam Agentliyinin Hüquq şöbəsinin rəisi Ceyhun İsayev, İcarə və razılaşdırma şöbəsinin rəisi Zaur Qənbərov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Bakı Şəhər Ticarət Departamentinin sədri İntiqam Məmmədov) qarşılaşdıqları çətinliklərdən danışıblar. Qeyd edilib ki, qaldırılan məsələ illərdir ki, onları da narahat edir. Bakı şəhərində, eləcə də ölkədə ticarət və xidmət obyektlərində, reklam lövhələrində “Dövlət dili haqqında” Qanunun tələblərinə əməl edilməsinə məsul olan şəxslər ziyalılara Azərbaycan dilini qorumaq naminə belə bir təşəbbüs göstərmələri, konkret tələblərlə məqsədyönlü addımlar atmaları ilə bağlı minnətdarlıqlarını bildiriblər.

Azərbaycan dilinə qarşı sanki hücuma keçmiş əcnəbi dillərdən milli sahibkarlarımızın yeri gəldi-gəlmədi, bayağı şəkildə istifadə sərbəstliyinin səbəbləri göstərilib. Məlum olub ki, bəzi səlahiyyətli qurumlar və şəxslər Azərbaycanda dövlət dilinin tətbiqi ilə bağlı qanunlardan, sərəncam və fərmanlardan xəbərdar ola-ola laqeydlik, etinasızlıq göstərərək on illərdir ki, dilimizdən mədəni şəkildə istifadə prinsiplərini pozur, reklam lövhələrində, banerlərdə, ticarət və xidmət obyektlərin üzərində Azərbaycan ədəbi dilinin orfoqrafik, leksik, qrammatik normaları kobud şəkildə təhrif edirlər.

İclasda qeyd olunub ki, sahibkarın kimliyindən asılı olmayaraq, qanun qarşısında cavabdehliyi məsələsi ciddi şəkildə nəzarətə alınmalıdır. Həmin şəxsləri cərimələmək işin ən asan tərəfidir. Onlara icazə verən qurumlar da cavabdehlik daşımalıdır.

“Dövlət dili haqqında” qanunun tələblərinə əməl edilməsinə məsul olan şəxslər bildiriblər ki, Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinin adlarının əcnəbi dillərdə qeydiyyata aldığı üçün həmin obyektlərin adlarının milliləşdirilməsi üçün hüquqi zəmin yoxdur. Sonda qərara alınıb ki, növbəti müzakirədə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin əlaqədar şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün ilk addımlar atmaq məqsədilə yeni layihələr hazırlansın. Müzakirələrin səmərəli olacağına, tezliklə paytaxtın ticarət və digər xidmət obyektlərində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəlarının tətbiq edilməsinə nail olunacağına əmin olduqlarını bildirən iştirakçılar bundan sonra əməkdaşlıq şəraitində dövlət atributu olan Azərbaycan dilinin qorunması naminə prinsipiallıqla fəaliyyət göstərəcəklərini vurğulayıblar.

Onu da qeyd edək ki, prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun bu gün qaldırılan problemin ciddiliyindən xəbər verir.

Qanuna əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın əcnəbi dillərin “işğalından” azad edilməsini istəyən ziyalılarla görüş keçirillb

 

 


Oxunma sayı: 5501

Oxşar yazılar