Milli siyasi həyatımızın əsas problemi: “külli inkar” və “külli təsdiq” aspektindən baxış cəmiyyətə nə vəd edir? – Azər Hüseynovun yazısı

  • 14:33 - 02 İyul

1991-ci ildən müstəqil beynəlxalq münasibətlər subyekti kimi dünya siyasi xəritəsinə daxil olan Azərbaycan müxtəlif mərhələlərdən keçib. Birinci mərhələdə ölkəmizin üzləşdiyi ən böyük problem Ermənistanın ərazilərimizi işğal etməsidir.  Eyni zamanda, daxili siyasi həyatımızda da bir çox şey yaşanıb. Yarımhərbi siyasi birləşmələr, daxili çaxnaşmalar və digər çətinliklər də gördük. Daha sonra iqtisadi toparlanma, daxili siyasi münasibətlərin sabitləşməsini yaşadıq. Ölkə olaraq bütün bu çətinliklər fonunda bu günə gəlib çıxdıq. 

Ölkəmizdə müxtəlif siyasi seqmentlərin bir-birilə münasibətində bəzən aqressivlik, bəzən isə nisbi sakitlik də oldu. Bir qism məsələlərə “külli inkar”, bir qism isə “külli təsdiq” aspektindən baxdı. Əgər sağlam bir şəkildə məsələlərə yanaşsaq, görərik ki, sivil ünsiyyət, qarşılıqlı dinləmə, fikir mübadiləsi, ümumi problemlər ətrafında toparlana bilmək hamımızın maraqlarına cavab verir. 

Belə bir ortamda, təklifverici bir mövqedə durmaq daha optimaldır. Təkliflərin işləkliliyi və dəyərləndirilə bilməsi isə artıq məsələnin ikinci tərəfidir. Əsas, təkliflərin səslənəcəyi müstəvi isə milli siyasi həyatımızdır. Milli siyasi həyatımız sadəcə külli tənqid, qərəz və qıcıq üzərində qurularsa, bundan heç birimiz udmarıq. Bunun üçün milli siyasi həyatımızın əsas problemləri ətrafında siyasət mütəxəssislərinin çalışması və təkliflərlə ortaya çıxması lazımdır. 

Mənim düşüncəmə görə, milli siyasi həyatımızın əsas problemi ölkədə olan problemləri ideoloji aspektlərdən müzakirə edə bilməməkdir. Qarşılıqı ittihamlar, eləcə də popilizm üzərində qurulan çıxışlar məmləkətin daxili, hətta xarici inkişafına bir əngəldir. Milli siyasi həyatımız konseptual təklfilərin azlığından, hətta yoxluğundan əziyyət çəkir. Siyasi müstəvinin hansı istiqamətində dayanmasından asılı olmayaraq, bizi birləşdirəcək nöqtələr vardır. Bu nöqtələr fərqli əqidələrdə dayanan, fərqli iddialarda olanları belə bir yerə gətirə bilər. Milli siyasi həyatımızda ən önəmli qabardılacaq məsələ milli insanın qayğılarını ön plana çəkə bilməkdir. 

Əyalətdə ucqar bir kənddə yaşayan Məhəmməd dayının, təndirdə çörək bişirən Fatimə nənənin iç dünyasını siyasi gündəmə gətirə bilməkdir. Əsrlərin ənənələri ilə müasir inkişafı bir araya gətirə bilməkdir. Milli müstəvini sadə azərbaycanlının qayğılarından uzaq olan qlobal neoimperializmin fəaliyyət sferasına çevirməməkdir. Azərbaycan insanının qayğılarının mahiyyətini hansı isə böyük güclərin, regional və qlobal dairələrin maraqlarına doğru çəkməmək milli siyasi həyatımızın təməllərini təşkil etməlidir. Ortaq fəaliyyət müstəvisinin cizgilərini kənardan kiminsə müəyyən etməməsi tapdalanması mümkün olmayan qırmızı cizgilərdən olmalıdır. Əqidəsindən doğan ictimai təkliflər verən siyasi oyuncuların olması milli siyasi həyatımızın ehtiyac duyduğu bir məsələdir. Konyuktur, keçici, şəxslərin tənqidinə yönəlmiş siyasi fəaliyyət bir ölkəni böyük ölkə edə bilməz. Bütün bunlar təbii siyasi həyatda qaçınılmazdır. Ancaq siyasi fəaliyyət mütləq ideolojilərin yarışmasıdır. İdeoloji təqdimatlar layihələrin yarışmasıdır. 

Layihələrin yarışması beyinlərin işləməsidir. Beyinlərin işləməsi isə ölkənin güclənməsidir.

Azər Hüseynov
Avropa.info


Oxunma sayı: 6172

Oxşar yazılar