“Vətəndaşlar işləməli, yeməli, kreditini ödəməli, xəstəsinə dərman almalıdırlar” - Razi Nurullayev

  • 11:54 - 02 İyul

“Vətəndaşların çarəsiz durumuna, bu istidə evə məcburiyyət qarşısında qapanmalarına, xəstəliyin də bir yandan canlar almasına, həkimlərin fədakarlıq və əziyyətlərinə, hökumətin vəziyyətdən çıxmaq üçün yollar axtarmasına, insanların sosial vəziyyətinin ağırlaşmasına çox üzülürəm”.

Bu sözləri Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. 

“İndi bu işlərin sonu nə olacaq axı?” deyən deputat, “vətəndaşlar işləməli, yeməli, kreditini ödəməli, xəstəsinə dərman almalıdırlar” deyə bildirib:

“O qədər vətəndaş var ki, kredit üzündən təzyiq və təhdidlə qarşılaşdıqlarını deyirlər. Çox çətinliklər var. Dövlətin bütün gücünü, resursunu vətəndaşların sağlamlığına, sosial güzəranının yaxşılaşmasına sərf etmək üçün yeni mənbələr lazımdır. Əlavə ehtiyatlarımız nə varsa, gərək cəlb edək.
Həkimlərimiz belə həyatlarını itirirlər, yoluxurlar, ailələrindən təcrid olunmuş yaşayırlar. Çox həkimlə ünsiyyətim olur. Deyirlər ki, onlara vəd edilən pulların verilməsində, artımında, ölənlərin sığortasında ciddi axsamalar var. Həyatlarını riskə atan həkimlərə sosial yanaşma olmalıdır”.

Razi Nurullayev vurğulayıb ki, gərək həkimlərin aldıqları əmək haqqı və sosial güzəştləri, mükafatları etdikləri risqə adekvat olsun:

“Amma onların ciddi narazılığı var, həkimlərin vəkil etdikləri nümayəndələri qəbul edib dinləmək lazımdır.
Mən həkimlərlə onlayn konfrans keçirmək niyyətindəyəm ki, cəmiyyət onları dinləsin və aidiyyatı orqanlar da gərəkən addımları atsınlar.

Allah xalqımızı qorusun!”


Oxunma sayı: 5061

Oxşar yazılar