Post-Pandemiya strategiyasının vacibliyi - Azər Hüseynovun yazısı

  • 17:53 - 30 İyun

Koronavirus pandemiyasının gedişatının nə qədər davam edəcəyi haqqında müxtəlif fikirlər irəli sürülür. Ən önəmli məsələ isə odur ki, post-pandemiya dövründə beynəlxalq münasibətlərin xarakteri dəyişəcəkdir. 

Artıq məlumdur ki, qlobal problemlərin qarşısında dayanıqlılıq üçün dünya siyasi proseslərini proqnozlaşdıra bilmək lazımdır. Xüsusi ilə pandemiya sonrası dünya iqtisadiyyatında ölkələrin iştirakına və resurs bazasını düzgün reallaşdıra bilməsinə fikir verilməlidir. Həmçinin diqqəti çəkən məsələ odur ki, ideoloji ənənəvilik seqmentinə malik dövlətlər pandemiyanın siyasi fəsadlarının qarşısını ala biləcəkdir. Həddən artıq kosmopolit, ultra-liberal axınların güclü olduğu dövlətlərin post-pandemya dövründə daxili və xarici təsir gücünü saxlaya biləcəyi mümkün deyildir. 

Yalnız ideoloji seqmentin güclü olduğu dövlətlərdə milli sahiblənmə hissi güclü olur. Milli sahiblənmə hissinin güclü olması cəmiyyəti təhdid edən bəlalar qarşısında milli birlik dərəcəsini gücləndirir. Milli birlik ümumi təhlükə anlayışının idrak edilməsidir. Ümumi təhlükə əqidəvi çalarlarından asılı olmayaraq ölkədə yaşayan bütün vətəndaşların fiziki, tibbi, şəxsiyyət dəyərlərinin, eləcə də xarici düşmənə qarşı dayanıqlılığının qorunmasıdır. Bütün bunlar post-pandemiya strategiyasının vacib xəttləri olmalıdır. Əks halda post-pandemiya dövründə qırmızı xəttlərin itməsi sindromu yaşana bilər. Misallar verməklə bunu daha dəqiq ifadə edə bilərik. 

Bizim üçün, Azərbaycan üçün istənilən beynəlxalq formatın formalaşması prosesində, istənilən yeni düzəndə belə Dağlıq Qarabağın və ətraf torpaqlarımızın Ermənistan işğalından azad edilməsi zəruridir. Post-pandemiya dövrü bizə bunun üçün yeni mexanizm və vasitələr təmin edə bilər. Post-pandemiya dövründə regional baxımından getdikcə güclənən Türkiyə ilə qarşılıqlı tərəfdaşlığın gücləndirilməsi önəm daşıyır. Türkiyə post-pandemiya dövrünə ən ciddi hazırlaşan, beynəlxalq təsir dairəsini genişləndirən bir dövlətdir. Post-pandemiya dövründə digər qonşularımızın strateji xəttlərinin izlənilməsi də bir zərurətdir. Post-pandemiya dövrü elmin və istehsalatın qarşılıqlı əlaqəsinin inkişafını təmin etmək olduqca zəruridir. 

İqtisadi proseslər onu deməyə əsas verir ki, xammal xarakterli iqtisadiyyatların gəlir əldə etmə imkanları azalır. Ona görə də post-pandemiya strategiyasında ölkədə fundamental elmlərinin inkişafına ciddi təkan verilməsi əhəmiyyət kəsb edir. Daha bir önəmli məsələ xarakterli strateji düşünən ideoloji nəsillərin yetişməsidir. Qlobal tendensiyalar göstərir ki, hedonizmə, ultra-liberalizmə kütləvi meyl edən cəmiyyətlər milli qorunma təfəkkürünə malik olmurlar. Bütün bunlar post-pandemiya strategiyasının vacibliyini bir daha sübut etməkdədir.

Azər Hüseynov Avropa.info yazarı


Oxunma sayı: 79311

Oxşar yazılar