Virtuallaşan sevinc və kədər: Hüzn paylaşılarmı? – Rəvan Şirvani yazır

  • 15:43 - 29 İyun

Artıq hər şey kimi insanların “SEVİNCİ” və özəlliklə “KƏDƏRİ” də virtuallaşıb. Özəlliklə Whatsapp statusları başlı başına elmi tezis mövzusudur. Məzarlıqdan, dəfndən və mərasim evindən selfilər, son anını yaşayan insanların can vermə videoları, ölənə yönəlik şəxsi göz yaşları və dualar və s. 

“Sevincin” paylaşımını (share) anlamaq olar, lakin “kədərin” paylaşılması qəbul edilməzdir. Axı “sevinc” paylaşıldıqca artır, “kədər”isə paylaşıldıqca AZALIR! Niyə “dərtlilikdən” bu qədər qorxub, qaçar olduq!? Müqəddəs kitabımız belə hüzünlə oxunur. Çünki “hüzn” İNSAN olmağın QİDASIDIR. Nə deyir üləma? Yüksək düşüncə və sənətin TƏMƏLİNDƏ, KÖKÜNDƏ hüzn, kədər vardır. Çünki hər şeyin başında AYRILIQ durmaqdadır. 

Ayrılığı FƏRQ edən insan şüurunun HÜZNDƏN başqa göstərəcəyi bir təpki, bir reaksiya olmaz, ola bilməz! Niyə bu qədər dəyərli bir şeyi whatsapplara, fb-lərə, instagramlara UCUZ şəkildə qurban veririk!? Yoxsa Z.Freydin dili ilə desək, “Matəm”, yaşayan insanların, ölülərə yönəlik, sadəcə XATİRƏ və GÖZLƏNTİLƏRİNİN yerinə keçən bir tədbirmidir!? Bu tədbiri yerinə yetirməklə acı və ağrılarımız azaltırıqmı!? Və ən əsası bu tədbirlə, “peşmanlıq” və “günahkar” olma hissimiz ölürmü!? Freyd deyirsinizsə, davam edin paylaşımlarla o, insani duyğunu İSTİSMAR etməyə, əksinə, ən üstəkli yanaşmaya inanırsınızsa, insafınız olsun, heç KƏDƏR şeyr (share) olunar!? 

Və sonda müdriklər deyir ki, həm ADAM olub, həm də KAPİTALİST olmaq mümkünsüzdür. Çünki şeytanla ALVER olmaz, yapılmaz!

Rəvan Şirvani
Avropa.info


Oxunma sayı: 2927

Oxşar yazılar