“Türkiyəyə qarşı ikiüzlü davranırlar” – Macar nazirdən Avropa İttifaqına ittiham

  • 15:18 - 29 İyun

Macarıstan xarici işlər naziri Peter Siyyarto yunan Kiprinə səfəri zamanı Türkiyə ilə bağlı açıqlamalar verib, Aralıq dənizinin şərqi ilə bağlı Ankara ilə Brüssel arasındakı münasibətlərdən danışıb.

Avropa.info xəbər verir ki, yunan Kipri mətbuatına müsahibə verən macar nazir Türkiyənin yaxın vaxtlarda dünyanın ən güclü 10 iqtisadiyyatından biri olacağını və Avropa İttifaqının Türkiyəyə ehtiyacı olduğunu deyib.

“Yunan Kipri ilə çox yaxşı münasibətlərimiz var, eyni zamanda Türkiyə ilə də çox yaxşı münasibətdəyik. Ölkənin daxili işlərinə əsla qarışmırıq, Türkiyə də daxili məsələlərimizlə bağlı şərh verməz və mövqe tutmaz. Çox vacib ticarət əlaqələrimiz var. Böyük türk şirkətləri Macarıstana vacib investisiyalar qoyurlar. Münasibətlərimiz məntiqə, hörmət və ölkələrin bir-birilərinin daxili işlərinə qarışmamasına əsaslanır”.

Peter Siyyarto Aralıq dənizinin şərqi ilə bağlı suala cavabında Avropa İttifaqını Türkiyəyə qarşı ikiüzlü davranmaqda ittiham edib:

“Yunan Kipri xarici işlər naziri Nikos Hristodulidis bu məsələni Xarici Məsələlər Şurasında bir neçə dəfə səsləndirib. İndiyə qədər Aİ-nın bu məsələyə dair unitar mövqeyini pozmadıq. Ancaq anladığınız qədər Türkiyə ilə Aİ arasındakı münasibətlər Aralıq dənizin şərqində baş verənlərdən çox mürəkkəbdir. Qəti olan bir şey var: Avropa İttifaqı artıq Türkiyə ilə necə münasibət istədiyini səmimi şəkildə deməlidir. Bu məsələdə ən böyük problem ikiüzlülükdür. Aİ ölkələrinin böyük hissəsi Türkiyə zalda ikən bir cür, zalda yox ikən bir başqa cür danışırlar. Bu cür ikiüzlü yanaşmalar – siyasətlər daha çox qarışdırmaqdan və səhv anlamadan başqa şeyə səbəb olmur”.


Oxunma sayı: 3290

Oxşar yazılar