"Ciddi problemlər var, bunlar inqilabi dəyişikliklər deyil” – Deputat

  • 12:27 - 29 İyun

“Qeyri-hökumət təşkilatları ilə bağlı ciddi problemlər var, sənədlərin elektron göndərilməsi nəyisə dəyişməyəcək, bunlar inqilabi dəyişikliklər deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

R. Nurullayev deyib ki, əvvəllər qanunvericiyə daxil edilən bir sıra dəyişikliklər QHT-in fəaliyyətinə maneələr yaradır.

Deputat Vüqar Bayramov isə bildirib ki, müxtəlif qrant layihələri ilə bağlı QHT-in təqdim etdiyi layihələrin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaratdığı elektron “Səlis” proqramı vasitəsi ilə qəbul edilməsinə ehtiyac var: “Qanunvericiliyə bununla əlaqədar dəyişiklik də edilə bilər. Bu, qrant layihələrinə şəffaf nəzarətin təmin edilməsinə də şərait yaradar”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, zamanında QHT-lə bağlı qanunvericiliyə dəyişiklik xaricdən gələn maliyyələrə şəffaf nəzarətin təmin edilməsi ilə bağlı olub: “Çünki bəzi partiyalar bu yolla dolayı maliyyələşirdi. Azərbaycan qanunvericiliyində partiyaların xaricdən maliyyələşməsi qadağandır. Bu, hər bir dövlətin təhlükəsizliyinin qorunması üçün vacib olan bir addım idi”.


Oxunma sayı: 2718

Oxşar yazılar