Pandemiya sonrası ictimai münasibətlər sistemi - Azər Hüseynovun yazısı

  • 17:25 - 24 İyun

Pandemiya mənşəyi haqqında müzakirələr getdikcə genişlənir. Pandemiya ictimai münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb oldu. 

Artıq insanların qorxuları, fobiyaları, gələcəklə bağlı planları belə koronaböhrandan təsirlənməkdədir. Koronavirus qarşılıqlı üsnsiyyət zamanı xüsusi ilə istiqanlılığı ilə seçilən müsəlman xalqlarının davranışına ciddi təsir göstərdi. Qərb xalqları insani münasibətlər baxımından o qədər də istiqanlı deyillər. Yəni, bir azərbaycanlı üçün, bir türk üçün, bir ərəb üçün, bir iranlı üçün anasını bağrına basmağın mənəvi yükü ilə ingilisin anasını bağrına basması ilə eyni deyildir. 

Yaxud da ki, şərqlinin övladına olan duyğularını ortaya qoyması şəkli ilə qərblinin yanaşması eyni deyildir. Ancaq pandemiya məsələlərin xarakterini dəyişməkədədir. Ən qorxulu odur ki, indiyə qədər vahid qlobal insan tipinə uyğunlaşmayan şərqli insan, xüsusi ilə müsəlman şəxsiyyət tipi də dəyişir. İlk əvvəl gigiyenik səbəblərlə salamlaşma formatının dəyişməsi getdikcə mütamadi hala keçə bilər. Bunun inkar edilməsi mümkün deyildir. Eyni zamanda ilk əvvəl qarşılıqlı ziyarətləşmələrin azalması sonradan mütamadi xarakter ala bilər. 

Təbii ki, müəyyən zaman kəsiyində pandemiyadan qorunmaq üçün tədbirləri həyata keçirtmək lazımdır. Amma mənəvi xatırlatmalar olmazsa müvəqqəti mühafizə tədbirləri bizim xarakterimizin tərkib hissəsinə çevriləcəkdir. Bunun üçün həyata keçirilən tədbirlərin gələcəkdə millətlərdə xasiyyətləşməməsi lazımdır. Bizim xarakterimizə təsir edən ən mühüm tarixi amil dini mənsubiyyətimizdir. Doğrudur, 200 illik rus işğalı səbəbi ilə xalqımızın əhkamı olaraq İslamı yaşaması digər müsəlman xalqları kimi deyildir. Amma islam bizim milli davranışımızın xasiyyət şəklinə ciddi təsir etmişdir. Yəni, biz istiqanlı və mehriban insan tipinə aidik. 

Ona görə də, pandemiya ilə bağlı tədbirlərin həyata keçirilməsində, eləcə də maariflənmədə bunu untmamalıyıq. Xalqların mənəvi çöküşü, xasiyyət dəyişməsi fiziki yoxluğundan az təhlükə deyildir. Karantin müddətində reallaşdırılan gigiyenik fəaliyyətlərin davam etdirilməsi fonunda mənəvi-psixoloji və əqidəvi-ideoloji fəaliyyətin də görülməsi aktualdır. Pandemiya bəlasından sonra kimliyini qoruya bilən, tarixi, dini ənənələrinə sahib çıxan dünyanın yenidən təşkilində iştirak edəcəklər. Məhz buna görə fəaliyyətdə müvazinət önəmlidir. Bir tərəfdən fiziki mövcudiyyətin qorunması üçün tibbi tədbirləri, digər tərəfdən isə kimliyə dönüş tədbirlərini birlikdə aparmaq lazımdır.

Azər Hüseynov, Avropa.info yazarı


Oxunma sayı: 62745

Oxşar yazılar