Qubadlıda cəsur əsgərlərimizin Ermənistana vurduğu ən ağır zərbə: Bir gündə düşmənin 3 vertolyotu vuruldu – Video

  • 12:12 - 24 İyun

1992-ci il iyunun 24-ü, saat 16 radələri.  Ermənistan silahlı qüvvələrinin komandanlığı tərəfindən Qubadlı rayon mərkəzini bombardman etmək tapşırığı almış üç hərbi vertolyot; ikisi Mİ-24 döyüş, biri Mİ-8 xilasedici sərhədlərimizdən içəri cəmi 100-200 metr irəliləyə bildi. Dağ-daşlarda, sıldırım qayalarda gecə-gündüz ayıq-sayıq dayanan yerli könüllülərinyaxın məsafədən açdığı sərrast atəşlər ölüm gətirən düşmənə yükünü boşaltmağa macal vermədilər. 

Üçbucaq şəklində arxayınlıqla rayon mərkəzinə tərəf uçan vertolyotlardan birincisi rayonun Teymur Müskanlı ərazisində, düz kəndin içində yerə düşüb paramparça oldu, yanacaq bakından 3-4 metr dik qalxan göyümtül alov, tüstüsü gözümün qarşısındadır. “Cəsəd”i RTS-in qarşısında daş hasar üstünə qoyulmuşdu. Biri Bərguşad çayının sahilindəki çaylağa düşüb alışsa da, tez söndürüldü, kiçik təmirdən sonra Gəncəyə uçmadan öncə rayon mərkəzi üstündə bir neçə dövrə vurdu, bildiyimə görə hələ də istifadə olunur. Üçüncünün aqibəti də “pis olmadı”; xilasedici 3-cu Mİ-8 vertolyot yuksəklikdə manevr edib Bərgüşad çayının sahilində zədələnərək yerə enmiş, salamat qalmış ekipajı götürüb Ermənistana uçarkən Oğuz postunun əsgərləri tərəfindən vurulub Eyvazlı kəndi yaxınlığında ermənilərin nəzarəti altında olan əraziyə düşdü. Qubadlı erməniyə təhvil verilənə kimi qaralmış skeleti göz dağı kimi açıq-aydın görünürdü. Sonradan bilinmişdi ki, raket zərbələri ilk növbədə rayon mərkəzindəki Əliyar Əliyevin komandiri olduğu batalyonunun qərargahına, polis şöbəsinə və 9 mərtəbəli yaşayış binalarına vurulmalı imiş. Bu, Azərbaycanın Qarabağ müharibəsində ən uğurlu əməliyyatlarından biri, həm də vurulmuş ilk hərbi vertolyotu  idi.  Onu da deyim ki, həmin vertolyotları vuran Əliyar Əliyevin komandir olduğu Qubadlı alayının döyüşçülərinə rayon icra hakimiyyətinin Fəxri fərmanından başqa heç yerdə kimsə bir quruca “sağ ol” da deməmişdi.

Xocalı qırğınının intiqamını almaq üçün fürsət gözləyən Milli Qəhrəman Əliyar Əliyevin komandir olduğu Qubadlı alayının topçuları (Qurban müəllim, Qiyas, Nurəli… taqım komandiri İlham Nərimanoğlu, şükür ki, salamatdırlar, dava həsrəti ilə, yenidən savaşmaq arzusu ilə qaçqınlıq ömrünün əzabını  yaşayırlar)yuxarıların əmri olmadan daşnak yuvası Gorusun altın üstünə çevirmişdilər. Erməninin yatsa yuxusuna da girməzdi ki, meşə yolu ilə dağ-dərələrə Gorusu vura bilən toplar dartıb gətirmək olar. Moskvadan “Vesti” proqramının verdiyi məlumata görə, ölənlərin sayı 300-ü keçmişdi. Ermənistanda üç günlük matəm elan edilmiş, goruslular şəhər merini və komendantını elə həmin gün biabırçılıqla qovalamışdılar.

Başqa xatırlatmalar da edim. 92-nin 16 aprelində xaricdə xüsusi hazırlıq  keçmiş 50 nəfərlik ön sıra diversiya qrupu «qara bəbir» ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə Laləzar körpüsünü partladıb bir neçə sərhəd kəndimizin rayonun digər ərazisi ilə əlaqəsini kəsmək, həm strateji yüksəklikləri ələ keçirmək, həm də bu qisası almaq məqsədi ilə sərhədi keçmişdi. Özünümüdafiə dəstəmiz yerli polislərlə birlikdə zireh geymiş, içərisində muzdlu zəncilər də olan qrupu xeyli irəli buraxıb, mühasirəyə almışdı, hətta, ən yaxın məsafədən atılan, birbaşa hədəfə dəyən avtomat atəşləri də zirehli muzdlulara təsir etmirdi, qanlı döyüşdə 11 cəmdək yerə sərili qaldı, çoxdan sərhəd boyu meydan sulayan ağ «Niva»lı Karlenin (cəsədi elə uzun idi ki, bortlu UAZ-dan bayıra çıxmışdı)  və silahdaşlarının meyidi iki gündən sonra 26 Xocalı əsirinə dəyişdirildi.

Gorusun Şırnıx (Şurnuxu) kəndində yerləşən qərargahın dağıdılıb 40 rus-erməni əsgərinin əsir götürülməsini əks etdirən canlı video-lentdən kadrlar əvvəllər televiziyalarda tez-tez göstərilirdi. Ancaq o gün Qubadlıda yaşananlar, müdafiə və daxili işlər nazirlərimizin az qala o əsirlərin ucbatından rayonda qırğın törətməyə qalxması da faktdır. Əsirlər elə həmin gün Bakıdan göndərilən yüksək rütbəlilərin müşayiəti ilə Moskvaya, oradan isə İrəvana yola salındı. İrəvanın Teatr meydanında onların qarşılanma mərasimini Ermənistan televiziyaları göstərirdi, Qubadlılar da yana-yana, qovrula-qovrula bu mənzərəyə baxırdılar… 

91-in mayında Yuxarı Cibiklidə, 92-nin 12 oktyabrında Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də erməni belə ağır itkilərə məruz qalmışdı. Erməni bu idi-qabaq-qənşər döyüşdə həmişə belə rəzil günə qalırdı. Camaat uşaqdan-böyüyə torpağın belə qoruyurdu, intiqam almaq həvəsi ilə yaşayırdı. 

Ermənilərin bunların intiqamını almağa hazırlaşdığı gözlənilirdi. Ona görə sərhəd postlarında sayıqlıq artırılmışdı. 28 il əvvəl hər üç erməni vertolyotunun vurulması da yurdu-ailə, uşaq, ev-eşik, torpağını göz bəbəyi kimi qoruyan igidlərin bu ayıq-sayıqlığının nəticəsi idi. 

Digər bölgələrimizdə də eynilə belə uğurlu döyüşlər olmuşdu. 

1992-də Cəbrayılın özünümüdafiə dəstələrinin Dağlıq Qarabağın qonşu Hadrut rayonun 15 erməni kəndinin əhalisinin birinin də burnunu qanatmadan maşınlara yığıb 8-10 saatlıq dinc danışıqlardan sonra Qubadlının Yazı düzündən Gorusa yola salınması, Moskva və Bakının haray-həşiri, Yerevanın səs-küyü, ondan əvvəl rus hərbçilərinin dinc yolla silah-sursatlarının əllərindən alınması, Zəngilanlı döyüşçülərin Qafanın başı üstündəki Seyidlər, Qazançı, Ağkənd, Dərəli kəndlərini azad etməyi, Füzulidə “Üctəpə” və “Məngələnata” yüksəkliklərinin erməni hərbi birlşmələrindən azad edilməsi əməliyyatı... Belə faktlar onlarladır.

Azərbaycanın igid oğlu Əliyarın 1992-ci ilin 30 oktyabrında bir qrup döyüşçü ilə 6 aydır yağı tapdağında olan Laçının 30-dan çox kəndini partizan savaşı ilə, qəfil zərbələrlə azad etməsi hərb tariximizə yazılası hadisə idi. Halımıza yazıqlar olsun ki,  burda da addım-addım fürsət gözləyən, öz içərimizdən ermənilərə işləyən xəyanətkarlar öz işini gördü, əvvəlcədən ssenarisi yazılıb razılaşdırılmış işğal planının icrasına cavabdeh qüvvələrin tapşırığı ilə Əliyar  Laçın şəhərinə çatmağa, koridoru başlamağa 2 kilometr qalmış qətlə yetirildi. 

O vaxtlar televiziya, radioların xəbər proqramları, rəsmi qəzetlər bu sətirlərin müəllifinin  cəbhə bölgələrindən - Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzulidən verdiyi xəbərlərlə açılırdı; AzərTAc-ın xüsusi müxbiri Hacı Nərimanoğlu xəbər verir... 

Bütün yuxarıda xatırlatdığım bu faktlar həm də 1996-cı il sentyabrın 13-də mərhum Prezident Heydər Əliyevin Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar olaraq bu bölgələrin ictimaiyyət nümayəndələri ilə görüşündə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Əvəz Hüseynquliyev, Dövlət müşaviri Nurəddin Sadıqov və digər rəsmilərin çıxışlarında da səslənib.“Xalq qəzeti”, 14 -17 sentyabr 1996-cı il. 

İndi bir çox nadanların hamını yaddaşsız sayıb iyrənc yalan, böhtanla yazdığının əksinə olaraq, 31 avqust 1993-cü il işğal gününə kimi Qubadlıdan yalnız Eyvazlı kəndimiz 24 noyabr 1988-ci ildə gecə yandırılıb talan edilmiş, xarabalığa çevrilmişdi. O 20 evlik kənd erməni şəhəri, daşnak yuvası Gorusun çənəsinin altında, Qafan-Gorus yolunun üstündə, rayon mərkəzindən 15 km aralıda yerləşirdi.  Qalan çox sayda kəndimizdə döyüşlər olsa da, əldən-ələ keçsə də, biri də boşalmamışdı. Amma erməninin neçə kəndi xarabalığa çevrilmişdi, Qafan-Gorus yolu bağlanmışdı, bu şəhərlərdə qorxudan gecə işıqları yandırmırdılar, bizim kəşfiyyatçılar dəfələrlə səngərlərə, o şəhər, kəndlərə girib diri erməni  gətirib əsir, girovlarla dəyişmişdilər. Bunlar əvvəl idi, sonra olanlar oldu... 

Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduq. Bunu əvvəllər də yazmışam; 1990-cı ilin 21 yanvarında fövqəladə vəziyyət elan olunmuş sərhəd bölgəsi Qubadlıya “təşrif gətirən” çağırılmamış qonaqlar - 300 nəfərlik rus desant dəstəsi ən müasir texnikası ilə rayon mərkəzindəki “Bərgüşüad” mehmanxanasında və Ermənistanla sərhədlərdə lövbər salmışdı. Əliyarla birlikdə osetin komandir, podpolkovnik Zavqayevlə biz münasibət qurmuşduq, komendant Beryozkinlə də hamısı yerli yurdsevəradamlar olan rayon rəhbərləri, dil tapmışdıq ki, yerli özünümüdafiə dəstələrinin əlində olub qalan silah, sursat, azsaylı texnikamız alınmasın, maneçilik törədilməsin, hərdən imkan verilsin Ermənistan tərəfə biz də cavab verək. Həmkəndlim, qonşu və qohumum olan mehmanxana müdirinin kabinetini zəbt etmiş o osetinin könlün, ruhun, dilin elə tapmışdıq ki, ovqatının xoş məqamında seyfdən hərbi xəritəni çıxarıb masa üzərinə sərdi, işarələnmiş əraziləri göstərdi; rəsmi Bakı Moskva ilə dil tapmasa, Rusiyanın istəyi yerinə yetməsə, bu rayonlar, DQMV ətrafı, sərhədboyu bütün bu mövqelər əlinizdən gedəcək, özünüzü həlak etməyin, bu siyasi məsələdir... 

İndicə bu sətirləri yazdığım dəqiqələrdə gözüm bu son xəbərə tuş gəldi: “Müdafiə naziri Zakir Həsənov 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqladı...https://musavat.com/news/soyqunun-zengi-olmasaydi-nazir-o-fakti-niye-indi-aciqladi_712534.html

Hər şey gün kimi aydındır...

Ötənləri xatırlatdı
Hacı  Nərimanoğlu
Xüsusi olaraq Avropa.info üçün


Oxunma sayı: 44793

Oxşar yazılar