Pandemiya sonrası milli dövlətlər və qlobalizm: köhnə sistem, yeni trendlər - Azər Hüseynovun yazısı

  • 16:22 - 22 İyun

Pandemiyanın geosiyasi nəticələri dünya dövlətlərini, eləcə də müxtəlif siyasətçiləri və politoloqları düşündürür. Bir çox siyasi liderlər pandemiya sonrası dünyanın əvvəlki kimi olmayacağını dilə gətirirlər. İfadə edilən fikirlərin əsassız olmadığını onların geniş yelpazəsi sübut edir. Artıq illərlə dünyanın inkişafı üçün pozitiv sayılan fikirlər və nəzəriyyələr özlərinin o qədər də işlək olmadığını, hətta təhdid mahiyyəti daşıdığını ortaya qoyur. 

Bir zamanlar, SSRİ-nin süqutundan sonra olduqca populyar olan qloballaşma siyasi nəzəri düşüncəsinin xalqlar və dövlətlər tərəfindən təhlükə kimi qarşılandığı göz qabağındadır. Pandemiya zamanı bir çox dövlətlər bəşəri hisslərə zidd hərəkət etməklə, tibbi ləvazimat oğurluğu etməklə qloballaşma və sərhədsizliyə qarşı səmimiyyətsizliklərini nümayiş etdirdilər. Buna Fransanın "Le Figaro" qəzeti  belə diqqət çəkir. Le Figaro isə yazır ki, koronavirus pandemiyası sərhədsiz bir dünya ideyasına və qloballaşma meylinə son qoydu. Açıq sərhədlər ideyasının əsas tərəfdarları olan Aİ-yə üzv dövlətlər bu prinsipi qoruya bilmədilər və sərhədləri bağlamağa çalışdılar. Koronakrisiz sona çatdıqdan sonra açıqlıq prinsiplərinin keçmişdə qalması mümkündür (https://lv.baltnews.com/Saeima_elections/20200419/1023841439/Kak-koronavirus-vernul-v-Evropu-granitsy.html).

Pandemiya məsələsində Türkiyə dövlətinin tutduğu mövqe Qərb dünyasında qısqanclıqla qarşılanır. Bunun da başlıca səbəblərindən biri də odur ki, Yaxın və Orta Şərqdə, eləcə də post-Osmanlı coğrafiyasında Türkiyənin fəallaşması bir sıra qlobal aktyorların maraqları ilə üst-üstə düşmür. Qərbin davranışlarında ikili standartlar, xüsusi ilə islamofobiya meyillərinin qabarması Azərbaycan dövlətinin rəsmi instansiyaları tərəfindən də dilə gətirilir. Bu isə öz növbəsində pandemiya prosesinin sonunda milli dövlətlərinin əhəmiyyətinin artdığı və millətçi hərəkətlərin gücləndiyi həqiqətlərini də önə gətirir. Türkiyəli alim Dr. Serhat Ulağlının ifadəsi ilə desək pandemiya prosesinin sonunda milli dövlətlərinin əhəmiyyətinin artdığı bir dünya gözlənilir. 

Artıq bir sıra dövlətlərin strateji araşdırma qumları pandemiya sonrası geosiyasi proseslərin idarə edilməsi istiqamətində ciddi tədqiqatlar aparırlar. Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nəşr etdiyi “COVID-19-dan sonrakı qlobal sistem: köhnə problemlər, yeni trendlər” mövzusunda əhatəli bir araşdırma apararaq proseslərin proqnozlaşdırılması və idarə edilməsi üçün mexanizm və vasitələri nəzərdən keçirir. 

Bir sıra dünya siyasətçilərinin sözlərinə görə ölkələr koronavirusun yayılmasına qarşı mübarizədə daha çox özlərinə güvənməyə çalışırlar. Bu da təbiidir. Çünki tibbi ləvazimatların oğurlanması kimi hərəkətlər birgə fəaliyyət səmimiliyini sual altına alır. Beləliklə, koronavirusa qarşı ikitərəfli fəaliyyət əlaqələndirilməsi daha çox aktuallaşır. Regional nöqteyi-nəzərdən burada Azərbaycan-Türkiyə əməkdaşlığı diqqəti cəlb edir və bunun daha da gücləndirilməsi pozitiv xarakter daşıya bilər. Belə bir ortamda, pandemiya sonrası qloballaşmanın neqativ tərəflərinin zərərsizləşdirilməsi olduqca önəmlidir.

Bunun üçün müvafiq tədbirlərin görülməsi lazımdır. Bu tədbirlər bir sıra sahələrdə paralel aparılmalıdır. Iqtisadi, siyasi, demoqrafik siyasətin reallaşdırılması zamanı genefondun qorunması diqqətə alınmalıdır. Eləcə də, iqtisadi müstəqillik anlayışına yenidən baxılması və fəaliyyət sahələrinin şaxələndirilməsi mühümdür. Məhz buna görə pandemiya sonrası fəaliyyətin strategiyasının hazırlanması istiqamətində intellektual tədqiqatların aparılması lazımdır.

Azər Hüseynov,
Avropa.info yazarı


Oxunma sayı: 41801

Oxşar yazılar