Dilemma: acından, yoxsa koronavirusdan ölmək? – "O gün bir uşaq mənə dedi ki..."

  • 14:55 - 05 İyun

Koronavirus Amerika qitəsində də sürətlə yayılmaqdadır. Braziliya və Meksika son 24 saat ərzində rekord ölü sayı açıqlayıblar. Region liderləri isə iqtisadiyyatları açmağa çalışırlar.

O cümlədən Birləşmiş Ştatlarda yeni yoluxma və ölü sayında da artım müşahidə olunur. Ölkədə karantin qaydaları yumşaldılır, polis zorakılığı və irqçiliyə qarşı kütləvi etirazlar keçirilir və bütün bunların artımda rolu olduğu düşünülür.

İyunun 4-də Braziliya koronavirusdan ölümlərə görə dünyada üçüncü yerə çıxıb. 210 milyon əhalisi olan ölkədə son 24 saat ərzində 1473 ölüm qeydə alınıb və ümumi rəqəm 34 min 21-ə çatıb. Meksikada ümumi ölü sayı 12 min 500-ü keçir, ancaq real rəqəmlərin daha yüksək olduğu güman edilir.

Braziliya Prezidenti Jair Bolsonaro pandemiyanın əhəmiyyətini azaltmağa çalışır, ştatlara iqtisadiyyatı yenidən açmaq üçün təsir göstərir, vətəndaşlara deyir ki, ölüm “hər kəsin taleyinə yazılıb”. Latın Amerikasında milyonlarla insan qeyri-rəsmi sektorda çalışır deyə, bu durum onları virusun iqtisadi fəsadlarına daha çox məruz qoyur. Yeddi milyon əhalisi olan Rio de Janeyronun meri iyunun 4-dən 10 mindən küçə ticarətçisinə işini bərpa etməyə icazə verib.

“O gün bir uşaq mənə dedi: ailəmin aclıqdansa, koronavirusdan ölməsini üstün tuturam”, – mer Marselo Krivella jurnalistlərə deyib.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador da əhalini aşırı reaksiya verməməyə çağırıb, “psixoz”la bağlı xəbərdarlıq edib, hökumətin pandemiyaya reaksiyasını dəstəkləyib. Onun sözlərinə görə, ölkədə adambaşına ölüm Birləşmiş Ştatlar, Fransa və İtaliyadan daha azdır. Hakimiyyət iqtisadiyyatın bir sıra sektorlarının tədricən yenidən açılmasına icazə verib.

Birləşmiş Ştatlarda isə Nyu York pandemiyanın episentri olaraq qalmaqdadır. Ancaq son günlər ölü sayı 50-yə düşüb, pik həddə 800 idi. Qubernator Endryu Kumo  iyunun 4-də deyib ki, Nyu York şəhərində kütləvi nümayişlərin yeni yoluxmaları kəskin artıracağından narahatdır. ABŞ-ın bir sıra ştatlarında nümayişçilər qaradərili Corc Floydun ağdərili polisin əlində ölməsinə etiraz edirlər.

“Etiraza qatılmısınızsa, xahiş edirəm, testdən keçin. Etirazçıların bu məsələdə vətəndaş borcları var. Məsuliyyətli olun, testdən keçin”, – Kumo söyləyib.

İyunun 4-də Birləşmiş Ştatlarda ümumi ölü sayı 108 min 120 olub. 1,87 milyon nəfərin virusa yoluxduğu təsdiqlənib, 485 min nəfər sağalıb.

Londonda keçirilın virtual qlobal vaksin sammitində isə 8,8 milyard dollarlıq vəsait yığılıb. Bu vəsaitin potensial COVID-19 vaksinlərinə və pandemiyanın dayandırdığı digər immunlaşdırma proqramlarına xərclənməsi gözlənir.

Avropada isə virusun ən çox ölümə səbəb olduğu ölkə Böyük Britaniyadır. İyunun 3-də Birləşmiş Krallıqda koronavirusdan ölənlərin sayı bütün Avropa İttifaqı ölkələrindəki ümumi ölüm sayından çox olub. Həmin gün ərzində Britaniyada COVID-19-dan 359 nəfər vəfat edib. İyunun 3-də bütün Avropa İttifaqında koronavirusdan 322 ölüm qeydə alınıb. Oksford Universitetinin məlumatına görə eyni gündə Fransada 107, İsveçdə 65 və İtaliyada 55 nəfər vəfat edib.

Ekspertlərin fikrincə bu rəqəmlər Avropaya nisbətdə Britaniyada epidemiyanın daha geniş miqyasda yayıldığını göstərir. Bundan əvvəl İngiltərədə karantin şərtləri yumşaldılmış, adamlara 5 nəfərlik qruplarda toplaşmaq icazəsi verilmişdi.Bəzi ekspertlər deyirlər ki, 359 ölüm Avropada pandemiyanın kəllə-çarxda olduğu vaxtlarla müqayisədə elə də böyük rəqəm deyil.Amma burası da var ki, Britaniyanın bir günlük ölüm göstəricisi Almaniyanın ən pis göstəricisindən də yüksəkdir. Almaniyada aprel ayında bir gündə koronavirusdan 333 nəfər ölmüşdü.

Virtualaz.org


Oxunma sayı: 5270

Oxşar yazılar