Xəbərdarlıq! Şənbə-bazar evdən çıxanları yüksək cərimə, hətta həbs gözləyir – Video

  • 11:04 - 05 İyun

“Məhdud sayda icazə verilən təşkilatların əməkdaşlarının gediş-gəlişinə icazə verilməsi, fəaliyyətinə icazə verilən təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub. Bu qaydalara əməl etməyənlər cərimələnəcək, hətta onları həbs də gözləyə bilər”.

Avropa.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzTV-də yayımlanan “Hədəf” verilişində bildirib.

K.Əliyev qeyd edib ki, məhdudlaşdırmaya məhəl qoymayaraq, şənbə və bazar günü evdən çıxanlar cərimələnə, hətta həbs edilə bilərlər:

“Kimsə fikirləşməsin ki, mənim portalda icazəm varsa, öz avtomobilimi əvvəlki qaydada istifadə edə bilərəm. Nazirlər Kabinetinin 4 iyun tarixli 191 nömrəli qərarına əsasən, bütün növ avtomobillərdən və ictimai nəqliyyat vasitələrindən, yəni fərdi avtomobillərlə yanaşı avtobus və taksilərdən də istifadəyə icazə verilməyəcək. Bu qadağalar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayon sakinlərinə aiddir. 

Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş dövlət orqanları əməkdaşlarının, eləcə də fəaliyyətinə icazə verilmiş xidmət sahələrində işləyən və hərəkət üçün məlumatları  işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər, habelə  yaxın qohumların dəfnində iştirakla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti -Zəng Mərkəzi vasitəsilə icazə alma halları istisna olmaqla iyun ayının 5-dən 6-na keçən gecə saat 00:00-dan iyunun 8-i saat 06:00-dək kimsə yaşadığı evdən, mənzildən çıxarsa, bu qanun pozuntusu kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəklər”.

K.Əliyev deyib ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsin əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə oluna, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, fiziki və vəzifəli şəxslərə bir ayadək müddətə inzibati həbs cəzası tətbiq oluna bilər.


Oxunma sayı: 7239

Oxşar yazılar