Şamaxıda Saqiyan kəndi: adı erməni mənşəlidir?

  • 13:36 - 04 İyun

Dəyişdirilməsi təklif edilən Şamaxının Saqiyan kəndinin adı erməni mənşəli deyil. İş orasındadır ki, bu toponimin adı ərəbcə olan "saqi" sözünə fars dilindəki “an” (-lar, -lər) cəm şəkilçisi artırmaqla yaranıb. Kəndin adının erməni dili ilə heç bir əlaqəsi yoxdur.

Avropa.info-nun məlumatına görə, bu sözləri kult.az-a araşdırmaçı jurnalist Rəsul Mirhəşimli iyunun 8-də Milli Məclisin Toponomiya Komissiyasının iclasında Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı baxılacaq təklif barədə danışarkən deyib. Rəsul Mirhəşimli bildirib ki, bu ad daha çox sufilik dünyagörüşü ilə bağlıdır:

“Saqi” termini təsəvvüfdə mürşidi-kamil anlamında işlədilir. Mürşidi-kamil təsəvvüf yoluna girən insana ilahi eşq ilə irəliləməsi üçün yol göstərir. Təkif qəbul olunarsa, bu, Azərbaycan toponimlərinin tarixi adını dəyişdirmək baxımından yersiz qərar olar. Azərbaycan mədəniyyətində xüsusi yer tutan bu termin Şirvan bölgəsində daha çox xəlvətilik təriqətinin təşəkkül tapması və buradan dünyaya yayılması ilə əlaqəlidir. Saqiyan adı da bu dünyagörüşün geniş yayılması ilə meydana çıxıb. Osmanlı sultanlarının bir çox məsələlərdə xəlvəti şeyxləri ilə məsləhətləşməsi və onların tövsiyələrinə uyması tarixi faktlar arasında mühüm yer tutur. Tarixi adlarımızın üzərindən xətt çəkmək gərəkli iş sayıla bilməz”.

Kəndin adının orijinalda yazılış şəklini də təqdim edən R.Mirhəşimli bildirib ki, Azərbaycan dilinin qaydalarına uyğun olaraq, söz saitlə bitərkən ona qoşulan şəkilçi saitlə başladıqda söz kökü ilə şəkilçi arasına bitişdirici "y" samiti artırlır:

“Dilimizə bu söz Saqian şəklində gəlib. Kəndin adının orijinal yazılışı isə belədir – ساقیان “.

Xatırladaq ki, Şamaxı rayonunun müraciətinə əsasən, kəndin adının Günəşli qoyulması təklif olunur.


Oxunma sayı: 8603

Oxşar yazılar