Əli Əsədov MDB ölkələrinin Baş nazirləri ilə koronavirusu müzakirə etdi

  • 20:00 - 29 May

Mayın 29-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iştirak edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Avropa.info-ya bildirilib ki, MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər, 2030-cu ilədək Birliyin iqtisadi inkişaf Strategiyası layihəsini nəzərdən keçiriblər. Şura üzvləri, həmçinin koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səylərə dair fikir mübadiləsi aparıblar.

İclasda çıxış edən Azərbaycanın Respublikasının Baş Naziri Əli Əsədov gündəliyə daxil edilmiş məsələlərin əhəmiyyətinə toxunub. Baş Nazir koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə mümkün təsirlərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə ölkəmizdə görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Bu xüsusda MDB-yə üzv dövlətlər tərəfindən pandemiyaya qarşı birgə səylərə dair qəbul ediləcək qərarın önəmini vurğulayıb.

Baş Nazir Əli Əsədov nəqliyyat sahəsinə investisiyaların yatırılması nəticəsində ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradıldığını, bu infrastrukturun onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında, həmçinin pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılmasında və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsində böyük rol oynadığını qeyd edib.

Ölkəmizin həm Birlik çərçivəsində, həm də beynəlxalq səviyyədə humanitar sahədə əməkdaşlığa böyük önəm verdiyi də qeyd edilib.

Çıxışının sonunda Azərbaycan Respublikasının Baş Naziri MDB məkanında həll edilməmiş münaqişələr məsələsinə toxunub, bunun regional əməkdaşlığın və MDB məkanında daha sıx qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə başlıca maneə olduğunu bildirib.

***10:21

Azərbaycanın Baş naziri Əli Əsədov MDB ölkələri hökumət başçılarının videokonfransında iştirak edəcək.
Bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, MDB Hökumət Başçıları Şurası iclasının gündəliyinə 15 məsələ daxildir. Onların arasında MDB ölkələrinin ticarət-iqtisadi əməkdaşlığının əsas istiqamətlərini müəyyən edən 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyası layihəsi, həmçinin birləşmə çərçivəsində bir sıra başqa sənədlər var. Videokonfransda kooperasiya və iqtisadi, nəqliyyat-logistika, energetika, mədəni-humanitar sferalar üzrə mövzular da müzakirə ediləcək. Bunlardan başqa, hökumət başçıları koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə birgə səylərə xüsusi diqqət ayıracaqlar.

İclasın nəticəsinə görə nəqliyyat, energetika, təhsil, mədəniyyət, gənclər siyasəti, bədən tərbiyəsi və idman sahələrində qarşılıqlı fəaliyyətin inkişafı haqqında birgə sənədlərin qəbulu nəzərdə tutulur.

Qeyd edək ki, bu il MDB-yə Özbəkistan sədrlik edir, buna görə iclas həmin ölkənin Baş naziri Abdulla Aripovun sədrliyi ilə keçəcək. İclasda A.Aripovdan və Əli Əsədovdan başqa Rusiyanın Baş naziri M. Mişustin, Belarusun hökumət rəhbəri Sergey Rumas, Qazaxıstanın Baş naziri Askar Mamin, Moldovanın Baş naziri İon Kiku və digər ölkələrin baş nazirləri, hökumət başçılarının müavinləri iştirak edəcəklər.

Onu da xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 25 oktyabr 2019-cu ildə Moskvada keçirilib.


Oxunma sayı: 20197

Oxşar yazılar