Qafqaz Müsəlmanları İdarəsinin sədri BMT-nin beynəlxalq video-konfransında iştirak edib (FOTO)

  • 19:42 - 29 May

Mayın 28-də Birləşmiş Millətlər Təşkilatı müstəvisində “Fəaliyyətə keçmək üçün qlobal çağırış” mövzusunda beynəlxalq video-konfrans-məsləhətləşmə keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Avropa.info-ya bildirilib ki, konfrans BMT baş katibinin COVID-19 problemi ilə əlaqədar din xadimlərinin səfərbər olmaları haqqında 11 aprel tarixli çağırışı əsasında təşkil olunub.

Beynəlxalq tədbirin təşəbbüs qrupu - BMT-nin İnsan hüquqları üzrə baş komissarı Mişel Baçelet, BMT Sivilizasiyalar alyansının yüksək nümayəndəsi Angel Moratinos və BMT Soyqırımın qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adama Diengin birgə dəvət məktubuna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfrans-məsləhətləşmədə iştirak edib.

BMT-nin təşəbbüs qrupunun üzvlərindən başqa konfransda Xorvatiyanın BMT-dəki daimi nümayəndəsi səfir İ.Simonoviç, KAICIID Beynəlxalq dinlər və mədəniyyətlər arası dialoq Mərkəzinin baş katibi F. Muammar, Yunan pravoslav kilsəsinin Amerika arxiyepiskopu Elpidoforos, “Bəşəri qardaşlıq” Ali komitəsinin baş katibi Qazı M.Əbdül Salam, Vaşinqton yəhudi konqreqasiyasının baş ravvini B. Lustiq, Bruklin katolik icmasının başçısı yepiskop C.Massa, Din və etiqad azadlığı üzrə BMT-nin xüsusi məruzəçisi dr. Ə.Şahid və digər ictimaiyyət, dövlət və din xadimləri iştirak ediblər.

Məsləhətləşmə zamanı BMT çərçivəsində koronavirusla bağlı birgə proqramlarda iştirak etmək, konfrans iştirakçılarının ölkələrində pandemiya ilə əlaqədar görülən işlər, dünyada qeyri-bərabərlik, dini və irqi dözümsüzlük, nifrətə çağırış hallarına qarşı səfərbər olmaq, miqrant və məcburi köçkünlərə mərhəmət göstərilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Şeyxülislam Allahşükür Paşazadə BMT baş katibinin 11 aprel çağırışının və müxtəlif din mənsublarının COVID-19 təhlükəsinə qarşı səfərbər olmalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərlərinin pandemiya elan olunan kimi bir araya gələrək kütləvi dini ibadətlərin müvəqqəti olaraq dayandırılması haqqında müştərək qərar verdikləri və Ramazanın müqəddəs İftar süfrəsi ətrafında qardaşlıq mərasimində dini konfessiyaların rəhbərləri ilə birgə dualar etdikləri barədə məlumat verib.

QMİ sədri Azərbaycan dövlətinin özünün daxili imkanları ilə koronavirusla mübarizədə böyük nailiyyətlər əldə etdiyini, dövlət başçımız İlham Əliyevin fədakarlığını xüsusi qeyd edərək, onun siyasi iradəsi və fövqəladə səyləri ilə ölkəmizdə insan tələfatı və yoluxma hallarının ən minimal səviyyədə olduğunu bildirib. Əlavə olaraq, dövlətimiz tərəfindən başqa ölkələrə humanitar yardımların göstərildiyini, bu dönəmdə BMT və Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edildiyini vurğulayıb.

Şeyxülislam A.Paşazadə, eyni zamanda, erməni təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğal olunduğunu, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini, BMT-nin 4 məlum qətnaməsinə baxmayaraq işğalın davam etdiyini və bu səbəbdən həmin ərazilərdə pandemiya dövründə nəzarətin imkanlarımız xaricində olduğunu xüsusi vurğulayıb.

QMİ sədri BMT səviyyəsində Moratinosun və Diyengin cəmiyyətləri qarşıdurmaya və dağıdıcı aqressiv hərəkətlərə yönləndirən nifrət çağırışları əleyhinə birgə bəyanatlarını dəstəklədiyini və buna dair mövqenin Dünya Dini liderlərinin II Bakı Sammitində irəli sürüldüyünü və KAICIID Beynəlxalq Mərkəzinin bu yaxınlardakı videokonfrans formatlı sessiyasında müzakirə olunduğunu diqqətə çatdırıb. Şeyxülislam A. Paşazadə qeyd edib ki, pandemiya, epidemiyalar aradan qalxacaq, lakin nifrətə çağırışın fəsadları, mənəviyyata vurduğu zəhərli yaralar yeni münaqişə və müharibələrə səbəb olmaqdadır.

QMİ sədri problemin qlobal xarakterini nəzərə alaraq, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzinin bu mövzuda din xadimləri, elm, ictimaiyyət nümayəndələri ilə birlikdə beynəlxalq səviyyəli tədbir keçirmək niyyətinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu niyyət pandemiya səbəbindən təxirə salınıb, lakin gündəmdədir və BMT tərəfindən irəli sürülən təşəbbüslə uzlaşır.

BMT baş katibinin dini liderlərin COVID-19-a qarşı mübarizənin uğuru üçün real fəaliyyətə keçməyə dair qlobal çağırışına öz əməli dəstəyini ifadə edən Şeyxülislam A.Paşazadə Ulu Rəbbimizin dünyanı bütün bəlalardan hifz etməsi üçün dualar edib.

Konstruktiv formatda və məhsuldar şəkildə keçirilən videokonfrans çoxsaylı iştirakçıların ümumi rəyinə görə BMT ilə dini liderlərin səmərəli işbirliyi nümunəsi kimi təqdirəlayiq dəyərləndirilib, davamlı olması arzu edilib. Azərbaycanın, Qafqazın dini rəhbərinin bu formatda yer alması ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq müstəvisində beynəlxalq nüfuzunun daha bir təsdiqi olub.


Oxunma sayı: 2586

Oxşar yazılar