Filippin hökuməti koronavirusa görə məhdudiyyətləri yumşaldır

  • 10:33 - 29 May

Filippin hökuməti iyunun 1-dən Manilada və ətraf altı əyalətdə koronavirusa görə məhdudiyyətləri yumşaldacaq.
Bu barədə prezident Rodriqo Duterte televiziya ilə çıxışı zamanı bildirib.
Qeyd edilir ki, ictimai nəqliyyat - qatarlar və avtobuslar maksimum 50 faiz sərnişin qəbul etmək şərti ilə fəaliyyətlərini bərpa edəcək.
Nəqliyyatda hərəkətlə bağlı məhdudiyyətlər 20 və daha aşağı, həmçinin 60 və daha yuxarı yaşlı insanlar üçün qüvvədə qalacaq. Digər yaş qrupuna daxil olan insanlara evlərini tərk etmək icazəsi veriləcək.
Əvəzedilməz istehsal və xidmət sahələrinə aid müəssisələr də öz gücünün yarısı həcmində fəaliyyətlərini bərpa edə biləcəklər. Həmin müəssisələr gələn həftədən tam gücü ilə işləyəcək.
Televiziya ilə çıxışı zamanı dövlət başçısı məhdudiyyətlərin yumşaldılmasının səbəblərini açıqlamayıb.
Əlavə olaraq bildirək ki, son məlumatlara görə, Filippində koronavirusa yoluxanların ümumi sayı 15 min 588 nəfərə təşkil edib. Onlardan 3 min 598-nin sağaldığı, 921-nin isə həyatını itirdiyi bildirilir.
Bununla yanaşı, mütəxəssislərin bəziləri infeksiyanın yayılma sürətinin hələlik aşağı düşmədiyinə görə hökumətin bu qərarından narahatlıqlarını ifadə ediblər.


Oxunma sayı: 4951

Oxşar yazılar