Salome Zurabişvili: Gürcüstanda parlament seçkiləri vaxtında keçiriləcək

  • 21:00 - 26 May

Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv olunmayıb. Narahatçılığa da ciddi əsas yoxdur. Ona görə də deyə bilərəm ki, ölkədə parlament seçkilərinin keçirilməsi və konstitusiyaya təklif olunan dəyişikliklərin qəbul edilməsi gecikməyəcək.

Avropa.info xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili mayın 26-da Vaziani hərbi bazasında Müstəqillik Gününə həsr olunan tədbirdə çıxışı zamanı söyləyib.

Dövlət başçısı deyib ki, Gürcüstanda fövqəladə vəziyyət rejiminin elan edilməsinə və komendant saatının tətbiqinə baxmayaraq, ölkədə demokratiya prinsipləri heç bir mərhələdə pozulmayıb. Gürcüstan demokratik prinsiplərin qorunması üçün əlindən gələni edib və bundan sonra da edəcək.

Onun sözlərinə görə, parlament seçkilərinin təxirə salınması üçün heç bir əsas yoxdur.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu ilin oktyabrın 31-nə təyin olunub.


Oxunma sayı: 2366

Oxşar yazılar