Azərbaycanda Ramazan bayramı qeyd olunur

  • 01:16 - 24 May

Mayın 24-ü və 25-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən qeyd olunmağa başlanıb.

Ramazan ayı insanlara Allah yolunda öz iradələrini, dözümlərini yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur.

Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylətül-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda (97:1-5) bu gecə haqqında belə yazılır: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbimin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur".

Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Oruc tutmaqdan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlayır və 29-30 gün davam edir. Quranda (2:187) deyilir: "...Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın".

Orucluq İslamdan əvvəl də mövcud idi. Bu barədə Quranda (2:183) qeyd olunur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz".

Orucluq "Eydül-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Bir daha xatırladaq ki, Azərbaycanda mayın 24-25-i Ramazan bayramı, mayın 28-i isə Respublika Günüdür. Ayın 24-ü həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün mayın 26-sı da qeyri-iş günü hesab olunur. Baş Nazir Əli Əsədovun müvafiq qərarı ilə ölkədə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib. Bununla da Azərbaycanda 8 gün ardıcıl qeyri-iş günüdür.

BAYRAMINIZ MÜBARƏK!


Oxunma sayı: 6711

Oxşar yazılar