Oğuzda meyiti tapılan uşaq ayının hücumuna məruz qalıb - RƏSMİ

  • 20:42 - 22 May

Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 09 radələrində yaşadığı evdən təxminən 2 kilometr aralı meşəlik ərazidən keçən çayda aşkar edilib.

Oğuz rayon prokurorluğu və Polis Şöbəsindən Avropa.info-ya daxil olan birgə məlumatda qeyd olunur ki, dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb.

C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 3587

Oxşar yazılar