Mingəçevirdə polis zabiti vətəndaşa işgəncə verib? - Açıqlama

  • 16:09 - 22 May

Daxili işlər Nazirliyi Mingəçevirdə polis zabitinin vətəndaşa işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Avropa.info-nun məlumatına görə, DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "oxu.az"ın sorğusuna cavab olaraq bildirib ki, bəzi xəbər saytlarında tirajlanan Mingəçevir şəhər sakini Mirzə Mirzəyevin polis əməkdaşı tərəfindən döyülməsi ilə bağlı iddialar əsassızdır və həqiqəti əks etdirmir:

“Mayın 17-də Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbiri nəticəsində Mirzə Mirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yeddi ədəd kağız bükümdə satış məqsədilə üzərində daşıdığı narkotik vasitə olan heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

M.Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən şübhəli şəxs qismində tutulub. O, törətdiyi cinayət əməlini etiraf edib. Onun guya ŞPŞ-də döyülməsi iddiası tamamilə uydurmadır”.

“Qeyd edim ki, M.Mirzəyev əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə dəfələrlə məhkum olunub. 2019-cu ildə azadlığa çıxdıqdan sonra islah olunmayaraq, yenidən cinayət əməllərini davam etdirib.

Belə ki, ötən ilin sonlarında azadlığa çıxdıqdan bir neçə gün sonra mənzil oğurluğuna görə, bir neçə gün öncə isə Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı məsuliyyətə cəlb edilib”, - deyə DİN rəsmisi əlavə edib.

Xatırladaq ki, bəzi xəbər saytlarında Mingəçevir şəhər sakini M.Mirzəyevə polis əməkdaşı tərəfindən işgəncə verilməsi ilə bağlı məlumat yayılıb.


Oxunma sayı: 1805

Oxşar yazılar