Cümhuriyyətimizin süqutunun səbəbləri və Türkiyəyə yönəlik absurd iddialar barədə - Tarixçi alim Telman Nüsrətoğlu yazır

  • 15:00 - 26 Aprel

Hər dəfə Azərbaycan tarixində mühüm rol oynayan milli hökümətimizin süqutu , ölkəmizin bolşeviq Rusiyası tərəfindən işğal edilməsi faktı gündəmə gələndə bəzi çevrələr diqqəti əsl həqiqətdən yayındırmaq  üçün "Atatürk , Türkiyə Azərbaycanı satdı" kimi köhnə və  çiynənmiş  iddiaları isidib yenə önümüzə gətirirlər.  Sözdə "erməni soyqırımı" günü olan 24 aprel tarixində tarixçi jurnalist Cavid İsmayıl paylaşdığı yazıya " Azərbaycan Cümhuriyətinin süqutunda Türkiyə faktoru " başlığını qoyaraq Azərbaycanın faciələrdən , bolşeviq - erməni işğalından qurtarılmasında və milli ordumuzun, dövlətimizin  qurulmasında müstəsna rol oynayan  Türk zabitləri haqda həqarət edici ifadələr işlətməsəydi mövzunu cümhuriyətimizin , o dövrün görkəmli tədqiqatçılarının ixtiyarına buraxaraq  bu haqda bir şey yazmayacaqdım. 

 Məqalənin olduqca problemli , tarixi reallıqlardan uzaq olan adından başlayaq. Əgər başlıqda  nəzərdə tutulan Osmanlı hökümətidirsə 1920 - ci ilin başlarından etibarən  müxtəlif müstəvilərdə Azərbaycanın işğalına hazırlıq prosesi gedərkən işğal altlndakı İstanbulda padişahın siyasi fəaliyətləri məhdudlaşdırılmış ,  çətin şərtlər altında toplanaraq milli müqavimət və işğala qarşı mübarizə haqda bəyanat  ( Misak- ı Milli )  qəbul edən Osmanlı dövlətinin son məclisi  Məclis- i Məbusan isə  Ingiliislər tərəfindən dağıdılmış, Cümhuriyət qurucularımızın da fikirdaşları olan bəzi  millət vəkilləri həbs edilərək Maltaya sürgün edilmişdi. Atatürkün dörd bir tərəfi işğal edilmiş ölkəni xilas etmək üçün çox ağır şərtlər altında topladığı Türkiyə Böyük Millət Məclisi də Azərbaycanın işğalından cəmi üç gün əvvəl açıla bilmiş , cümhuriyət isə istiqlal müharibəsindən üç il sonra elan edilmişdi. Atatürk  1919 - cu ilin ortalarından  1920- ci ilin aprelinə qədər  Samsundan Amasyaya oradan Ərzurum və Sivasa  qədər məşəqətli bir mübarizə yolu keçərək  milləti işğala qarşı səfərbər etmək , cəmiyyətin müxtəlif təbəqələrini tam müstəqillik  fikrinə inandırmaqla məşğul idi. Çar generallarıyla vətəndaş  müharibəsindən qalib çıxan bolşeviklərlə sonrakı dövrdə qurtuluş savaşına  yardım və imperializmə qarşı birgə mübarizə istiqamətində  artan təmaslara ,  bunu zəruri edən amillərə irəlidə toxunacağıq.  

Dövrün Qafqaz bölgəsi və Şərqi Anadoluda  cəryan edən hadisələrin  mürəkkəb və çoxşaxəli  olduğunu , bolşeviklərlə imzalanan Brest- Litovsk anlaşması sonrası bir siyasi reallıq , Mudrosdan sonra ingilislərin gedişata aktiv müdaxiləsiylə tamam  başqa bir siyasi reallıq formalaşdığını  unutmamaq lazımdır. Ancaq hər iki dövrdə də  mümkün şərtlər altında Azerbaycan və Anadolu türklərinin  qarşılıqlı yardımlaşma fəaliyətlərini artırdığını ,  erməni məsələsi və regiondakı  milli varlığımızın  gücləndirilməsi istiqamətində  ortaq hərəkət etdiyini rahatlıqla ifadə etmək mümkündür. Mudros sonrası Anadolu coğrafiyasında  marjinallaşan  bəzi İttihadçı zabitlərin  Azərbaycandakı fəalliyətləri, idealları , bolşeviklərlə təmasları  isə ayrı bir dəyərləndirmə və təsnifata tutularaq irdələnməlidir. Haqqında söz açılan  məqalədə  bir çox istiqamətlərdə  tarixi həqiqətlərin əsas mahiyətinin təhrif edilməsi , xronolojiq ardıcıllığın pozulması bir yana, böyük məfkurə və dava adamı Rəsulzadə və N. Şeyxzamanlı  kimi şəxsiyətlərimizin də  bütövlükdə işğal prosesi, o dövrdə baş verənlər , türk zabitlərinin tariximizdəki roluyla  bağlı dəyərləndirmələri kontekstindən çıxarılmış, Rusiyanın , bolşeviklərin Azərbaycan və Bakı neftiylə bağlı əsas strategiyası ,  ingilislərin bölgəylə bağlı hədəfləri , müstəmləkə dövrünün beşinci kolonunun  həm hakimiyyət həm də cəmiyətin müxtəlif təbəqələri arasındakı fəaliyətləri ,  Azərbaycanı işğala götürən əsl  səbəb və aktyorlar , gündən günə gürultulu şüar və vədlərlə kütlələri arxasınca sürükləyən  kommunizm faktoru  dəyərləndirmə xaricində tutulmuş , təssüf ki   dövlətimizin qurulmasında ,  kolordumuzun milli bir gücə çevrilməsində kilit rol oynayan , işğal əsnasında da Azərbaycan ordusunun tərkibində  Qarabağda erməni separatçılarına qarşı savaşan türk zabitləri alqıyla  əsas hədəfə oturdulmuşdur.

Yuxarıda da ifadə etdiyim kimi  zamanlaması etibariylə də məqalə  diqqətləri  əsl həqiqətdən yayındırmağa ,  tarixdən günümüzə Azərbaycan milli  dövlətçiliyinin qorunub  möhkımlənməsində önəmli  rol oynayan qardaş Türkiyəyə qarşı ovqatın yaradılmasına  xidmət etmişdir.  Nədənsə unudulur ki, Türk zabitləri Azərbaycana gəlmədən öncə milli hərəkatın qalası durumunda olan Gəncədə belə Sovet- Daşnak qüvvələrinə qarşı dura biləcək cəmi 600 nəfərlik qüvvə var idi. Onlara da knyaz Maqalov adlı bir gürcü polkovniki rəhbərlik edirdi ki, o da Gürcüstan müstəqilliyini elan etdikdən sonra başının dəstəsiylə Tiflisə çəkilmişdi. Türk zabitlərinin gəlişiylə birlikdə ilk hərbi məktəb açılmış , milli ordu quruculuğuna başlanmış , o ordunun uğurlu Zəngəzur əməliyatları bir yana  Moskvanın vahid planı çərçivəsində 1920- ci ilin mart ayında həm də Novruz bayramı gecəsində ermənilər qiyam edərək Əsgəran qalasını tutarkən 20 min nəfərə yaxın  döyüş hazırlığını tamamlamış  qüvvə ilə qiyamı yatırtmaq üçün Qarabağa yollanmışdı. Bütün tarixi sənədlər açıq şəkildə göstərir ki  heç bir halda bolşeviklər Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir,  Leninin  ifadəsiylə Bakı neftini ələ keçirməyi vətəndaş müharibəsinin girdabında iqtisadiyatı dağılmış Rusiya üçün vazkeçilməz bir hədəf olaraq görürdü.  Şaumyanın missiyası, Şərqi Anadolunu da əhatə edən erməni projesinin arxasındakı yeni rus- bolşevik ağlının təfərrüatına varmadan ifadə edək ki, artıq  1920- ci ilin başlarından Azərbaycan dövlətçiliyini məhv etmək , ölkəni işğal etmək üçün bütün istiqamətlərdə müstəmləkə hücrələri hərəkətə keçmişdi . Zənnimcə  işğalın həyata keçməsində əsas faktor olan Qarabağdakı erməni qiyamı, bu gün olduğu kimi o gün də  torpaqlarımızdan pay almaq həvəsiylə erməni  - Moskva sövdələşməsiylə başlamış, Kremlin  planı çərçivəsində  əsas hərbi qüvvələrimiz  paytaxdan , müstəqilliyin keşiyindən uzaqlaşmaq məcburiyətində qalmışdı. 

Məqalədə görməməzlikdən gəlinən,  Mudros sonrası məcburən  Qafqaz İslam Ordusu  Azərbaycanı tərk edərkən milli ordu quruculuğunda rol almaq üçün Osmanlı ordusundan  istefa edib Azərbaycan ordusunda xidmətə başlayan xeyli  sayıda türk zabiti  də o üsyanı yatırmaq üçün  Qarabağdaydı. Əlbəttə birinci dünya müharibəsindəki məğlubiyətdən sonra pərən pərən olan bəzi İttihad və Tərəqqiçi  zabitlər də o dövr yenidən  bir hərəkat başlatmaq , Qafqazda  dayaqlar əldə ətmək, Anadolu hərəkatıyla bolşeviklərin ittifaqını yaradaraq ingilislərə qarşı güc formalaşdırmaq , Turan idealına xidmət etmək məqsədi kimi məqsədlərlə Azərbaycana , Türküstana gəlmişdilər. Bunların arasında əsir Osmanlı zabitləri də var idi.  Bu da bir həqiqətdir ki o zabitlərin içində də bütün Şərqdə olduğu kimi bolşeviklərin xalqların qardaşlığı , imperializmə qarşı birgə mübarizə  şüarına , xalq hakimiyyəti söyləminə  inananlar da vardı.  Ancaq əlbəttdə ki onlar bütövlükdə bu böyük oyunun ,  prosesin hərəkət verici qüvvəsi deyildi.  Bolşeviklər böyük oyunu qurmuş , ermənilər vasitəsiylə diqqəti əsas baş verəcək fəlakətdən yayındıra bilmiş , milli hökümətin içindəki , cəmiyyətdəki , ordudakı  əsas qüvvələrini oyun sahəsinə sürmüş , Nərimanov kimi milli damarı da olan nüfuza sahib  bir lideri də əsas vitrinə yerləşdirməyi unutmamışdı.  Artıq aprel ayının başında  XI qızıl ordunun hissələri də Azərbaycan sərhəddinə dayanmışdı. Anadolu  Atatükün liderliyində milli müqaviməti təşkil etmək üçün ölüm dirim mübarizəsi verirdi. Təssüf ki Azərbaycanda bolşeviklərə inanan ,  müstəqil dövlətin necə bir nemət olduğunu anlamayan , ingilis imperyalizminə qarşı bolşevik Rusiyasi - Sosyalist Azərbaycanı - Anadolu milli hərəkatı timsalında xalq hərəkatları ittifaqına  inanan  ciddi bir kütlə də vardı.  Onlara görə ifrat demokratiya tutqusundan böhran yaşayan, bir biriylə çəkişmə halında olan fərqli etnik və  siyasi kimliyə sahib qrupların hökuməti, geopolitik çağrışlara cavab vermək , sürətlə dəyişən siyasi vəziyyətə ayaq uydurmaq iqtidarında deyildi. Lenin Rusiyası  da öz emmisarları vasitısiylə bu fikri dərinləşdirməyə ,işğal öncəsi həyata keçirilən psixolojiq operasyonla Bakını fikrən ələ keçirməyə davam edirdi. Təssüf ki proseslərdə ictimai rəyə də hakim olan onlar idi. 

Yanvar ayında Bakı polisində kommunist təşkilatlarının əsgər və polislər arasında güclü təşviqat apardıqları haqda xəfiyyə məlumatları olduğu halda ölkəni gündən günə ağuşuna alan bu təbıiğat və fəaliyətlərə qarşı da ciddi bir  tədbir görülməmişdi. Əksinə Azərbaycan parlamentində , hökümətində daxili intriqalar davam edir böhran və idarə olunmaz vəziyyət dərinləşirdi. M.Ə. Rəsulzadə bu tam demokratik, plüralist şəraitə işarə edərək "Azərbaycanda Avropada belə tətbiq edilməyən  bir xalq cümhuriyəti qurulmuşdu" yazırdı. Lakin F. Xoyskinin də ifadəsiylə ölkənin milli təhlükəsizliyi sərt və fövqalədə tədbirlər tələb edirdi.  Rəsulzadə də 1933- cu ildə yazdığı bir məqalədə "böhran günlərində parlamanı dağıdaraq bilavasitə xalqa müraciət etmək səlahiyyətinə haiz icra hakimiyətinin yoxluğundan " şikayət edirdi. Demək olar ki Musavat partiyasından başqa Azərbaycanın istiqlalını ardıcıl müdafiə edən başqa bir qüvvə də yox idi.  N.Yusifbəylinin istefasından sonra yeni hökümət qurma vəzifəsi Hacinskiyə tapşırılaraq nisbətən Rusiyameyilli bir kursla təhlükənin bərtaraf edilməsi düşünülsə də bu addım siyasi böhranın daha da dərinləşməsinə, rusmeyilli qüvvələrin bir az  da fəallaşmasına səbəb oldu. 

Onu da  unutmamalıyıq ki, Bakı və Gəncə quberniyalarında Çarlıq dönəmindən etibarən ruslar, qeyri - müsəlmanlar əsas güc olmağa davam edir, administrativ və güvənlik strukturlarına nəzarəti öz əllərində tuturdular.  Cümhuriyət dövründə də ədliyyədən polis və hərb sahəsində ruslar hiss ediləcək səviyədə güclü  idi. Milli hökümətin yetərli kadrı yox idi.  Hökümət uzun bir müstəqillik yolunun daha başlanğıcında idi.  Xoyski belə ölkədə hökm sürən hərc mərcilikdən, kadrların milliləşdirilməsi zərurətindən  yazırdı. Bəzi türk zabitləri də bu durumdan narazılıqlarını ifadə edirdi. Onlar  bu ovqatla bolşeviklərlə əməkdaşlığa meyl edir, yardım alayı fornalaşdıraraq birlikdə Anadolunu İngilis- Fransız qüvvələrindən təmizləyəcəklərinə,  ittihadçı fikri yenidən oyadacaqlarına güvənirdilər.  Azərbaycanda olan Türkiyəli komunistlər də yerli komunistlərlə birlikdə müxtəlif  təxribatlarda rol alaraq  bolşevik işğalında  iştirak etdilər. Əlbətdə, Ənvər Paşa və onun əmisi Xəlil paşanın siyasi hesabları , yenidən Anadoludakı hərəkatın başına keçmək istəkləri və rus təbliğatına uymaları da vardı. Atatürk isə İttihadçıları yaxına buraxmaq niyətində deyildi, amma onlar vasitəsiylə də bolşevik arealı, Türküstan , Azərbaycan, Hindistan  müsəlmanlarıyla əlaqləri dərinləşdirərək qurtuluş savaşına maddi mənəvi dəstək təmin etmək istəyirdi. İngilislərin etirazına  rəğmən milli hökümətin Anadolu hərəkatına  yardımlar etdiyi haqda da Osmanlı arxivlərində sənədlər yer almaqdadır. N. B.Yusufbəyli 1919 cu ilin dekabr ayında M. K. Atatürkə pul göndərmişdi.  Yəni  Atatürkün bolşeviklərlə yaxınlaşma siyasəti onlara simpatiyasından  deyil  bölgə reallıqlarından , siyasi  vəziyyətdən ,   stratejiq zərurətdən irəli gəlirdi. Məncə  milli hökümətimizin ən böyük şanssızlığı bu geopoltik , strateji  zərurətin Atatürk cəbhəsini ingilislərə qarşı bolşeviklərlə yaxınlaşmağa, onları da bolşevik təhdidinə qarşı ingilislərə yaxınlaşmaya məcbur etməsində idi. Işğalın qarşısı alınmaz hala gəlməsində heç şübhəsiz iki əsirə yaxın müstəmləkə həyatında yaşadıqlarımız , ordumuzun Qarabağda məşgul edilməsi , bu geopolitik şanssızlıq , Osmanlının yaşadığı ağır durumda bizə yardım edə bilməməsi və ordu , donanma, hökümət  içindəki Çingiz İdırımların xəyanəti əsas oldu.

Dr. Telman Nüsrətoğlu xüsusi olaraq Avropa.info üçün


Oxunma sayı: 58059

Oxşar yazılar