Azərbaycanın Türkiyədəki səfirliyi orada qalan soydaşlarımıza müraciət etdi

  • 17:15 - 09 Aprel

“Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə geniş yayılmış koronavirus infeksiyası (COVİD-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən buraya müvəqqəti gəlmiş və hazırda Vətənə dönə bilməyən Azərbaycan Respublikasının vətəndaşlarının, həmçinin şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizin müəyyən bir qismi bəzi məişət və inzibati zəminli problemlərlə üzləşib”.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən Avropa.info-ya daxil olan məlumatda bildirilib.

Səfirlik qeyd edib ki, hazırkı pandemiya şəraitində Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatının həyata keçirilmədiyini nəzərə alaraq, ölkə rəhbərliyinin tapşırığına əsasən yuxarıda qeyd olunmuş kateqoriyadan olan vətəndaşlarımıza bu dövr ərzində dəstək göstərilməsi məqsədi ilə onlara 01.04.2020 tarixindən etibarən Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə müraciət etmələri üçün imkan yaradılıb.

“Bununla bağlı Səfirliyə bu günədək daxil olmuş 16000-dən çox müraciətin bir qismi təhlil olunub və bu kateqoriyaya aid olan 6000-ə qədər vətəndaşımıza Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə qida və yaşayış təminatı ilə bağlı yardım edilib. Hazırda qalan və yeni daxil olan müraciətlər də təhlil olunmaqdadır. Mövcud vəziyyət davam etdiyi dövrdə bu kateqoriyaya aid ehtiyacı olan vətəndaşlarımıza dəstək verilməsi nəzərdə tutulur. Eyni zamanda, müraciətlərinə hələ ki cavab verilməyən vətəndaşlarımızdan bir az anlayışlı və təmkinli olmaq xahiş olunur.

Dövlət başçısının qeyd etdiyi kimi, bu çətin şəraitdə hamımız milli birlik, həmrəylik və məsuliyyət nümayiş etdirməliyik”.

Səfirlik vətəndaşlarımızdan eyni məzmunlu təkrar müraciətlər etməməyi istəyib:

“Təkrar müraciətlər analiz edilir və cavablandırılması əlavə vaxta ehtiyac yaradır. Qeyd etmək lazımdır ki, müraciətlərin təhlili zamanı yuxarıda qeyd olunmuş kateqoriyaya aid olmayan vətəndaşlarımız (Məsələn, Türkiyə Respublikasında daimi əsasla yaşayan vətəndaşlarımız, hazırda Türkiyə Respublikasının ərazisində olmayan vətəndaşlarımız və sair) tərəfindən də bu kampaniyaya müraciət etmə halları da müşahidə olunur ki, bu da əsaslı müraciətlərə cavabların verilməsində əlavə vaxt itkisinə səbəb olur.

Bunu nəzərə alaraq bir daha xatırlatmaq istərdik ki, təşkil olunmuş bu yardım kampaniyası qida və yaşayış təminatına ehtiyacı olan Türkiyə Respublikasına müvəqqəti gəlmiş və pandemiya səbəbindən Vətənə dönə bilməmiş Azərbaycan Respublikasının vətəndaşları, xüsusilə də şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan maddi imkanları məhdud olan tələbələrimiz üçün nəzərdə tutulub.

Bu məsələyə anlayış göstərdiyinizə görə təşəkkür edirik”.


Oxunma sayı: 2135

Oxşar yazılar