Ermənistanın İsraildə səfirlik açma planlarına İrandan sərt etiraz : "Paşinyan bizə xəyanət edir" - “Atlas” Araşdırmalar Mərkəzinin təhlili

  • 16:33 - 08 Aprel

Ermənistan İsraildə səfirlik açmağa hazırlaşır. Bu haqda danışıqlar bir ildir gedir. Ermənistanın baş naziri Nikol Paşinyan qərarını verib, hətta bu məqsədlə xarici işlər nazirini İsrailə də göndərmişdi. Errmənistanla İsrail arasında səfirliyin açılması məqsədilə danışıqların aparıldığı dövrdə İrandan elə bir reaksiya yox idi. İndi isə vəziyyət fərqlidir, Tehranın sərt reaksiyaları artır. Bu Ermənistan hakimiyyəti üçün gözlənilməz oldu.

“Ermənistanın bu addımı Fələstin xalqının mənafeyi ilə təzaddadır, eləcə də bölgənin təhlükəsizliyi və sabitliyinə mənfi təsir göstərəcək” – bu sözlər İran Parlamentinin sədrinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Əmir Abdullahiyana məxsusdur. O, Ermənistanın İsraildə səfirlik açmaq planını qınayıb və rəsmi Yerevanı bu addımı atmamağa çağırıb. İran rəsmisi Ermənistanla rəsmi Tehranın stabil əlaqələrə malik olduğundan danışıb və rəsmi Yerevanın sözügedən planından geri addım atacağına ümidvar olduğunu bildirib.

İranın JAVAN agentliyinin yazısında isə daha sərt ifadələr yer alıb: İrəvan-Tel-Əviv-Vaşinqton strateji alyansına qarşı müqaviməti gücləndirmək məqsədilə İran bölgədəki müsəlman ölkələri ilə səylərini artırmalıdır. Ermənistanın İsraildə səfirlik açması o deməkdir ki, İrana düşmən olan dövlət sərhəddimizə gəlib çıxıb. Bu İranın milli təhlükəsizlizliyinə təhdiddir”.

İrandan növbəti sərt açıqlama Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amulidən gəlib. Ümumiyyətlə Amuli daxili və xarici siyasət mövzularında tez-tez açıqlamalar verir, qonşu dövlətlərin siyasətini dəyərləndirir. Nikol Paşinyanın İsraildə səfirlik açmaq istəyini təhlükəli adlandıran Amuli İrəvanın bu addımının İranın maraqlarına zidd olduğunu bildirib: “Ermənistan sionist rejimə yaxınlaşmaq məsələsində Azərbaycan Respublikası ilə təhlükəli bir yarışa başlayıb. Azərbaycan Respublikası “İsrail”dən 6 milyard dollarlıq silah almaqla sionist rejiminə böyük xidmət etdi ki, bu vasitə ilə Qarabağı azad etmək üçün həm silah almış olsun, həm də beynəlxalq sionizm lobbisindən istifadə edə bilsin. Baxmayaraq ki, bu silahlardan istifadə etməyin icazəsi böyük dövlətlərin əlindədir. Silah almaq üçün pulu olmayan Ermənistan isə Təl-Əvivdə səfirlik açmaq fikrinə düşmüşdür ki, öz gümanına əsasən, sionist rejiminə yaxın olmaqla həm Qarabağın işğalını təsbit etsin, həm də Azərbaycan Respublikasının aldığı silahlardan istifadə etməsinin qarşısını alsın. Etibarlı xəbərlərə görə, sionist rejimi Azərbaycanın bu silahlardan Ermənistan əleyhinə istifadə etməyəcəyi barədə İrəvana söz vermişdir”.

Göründüyü kimi, Amulinin açıqlamasında dolayısıyla Azərbaycan da tənqid olunub. Amuli demək istəyir ki, Azərbaycan kimdənsə icazə almamış İsraildən aldığı silahlarlardan Ermənistana qarşı istifadə bilmir. Halbuki, Azərbaycan ordusu 2016-cı ilin aprelində həmin silahlardan Ermənistana qarşı istifadə edib və işğalçı ölkə İsrail istehsalı olan dronlardan itki verdiyini etiraf edib. 

Amuli açıqlamasında Ermənistanın İsraildə səfirlik açmasının Azərbaycanın da maraqlarına zidd olduğunu bu sözlərlə izah edib: “Ermənistanın sionist rejimlə səfirlik açmaq səviyyəsində münasibətlərinin genişlənməsi həm Azərbaycan, həm də İran üçün böyük təhlükədir. Sionist rejimi Ermənistanın Təl-Əvivdə səfirlik açması ilə bir tərəfdən özünün böyük arzusuna çatmış olur, digər tərəfdən də Azərbaycan Respublikasına qarşı böyük xəyanət etmiş olur. İndi Azərbaycanın böyük xalqı özünün əsil düşmənini yaxşı tanımışdır. Halbuki, bu düşmən neçə illərdir ki, Azərbaycan Respublikası ilə dost olduğunu şüar etmişdir”.

Amulinin açıqlamasının yekun hissəsində Ermənistanın ünvanına daha ağır ifadələr yer almaqla yanaşı Tehranın yanlış xarici siyasətindəki yanlışığa da işarə var: “Ermənistan sionist rejimin qonşu ölkələrdə hüzuruna İranın fövqəladə həssaslığını bildiyi halda belə bir xəyanətə yol vermişdir, İran və müsəlmanların böyük düşməninə, bəşəriyyətin ən çirkin düşməninə Qafqazda hüzur üçün yaşıl işıq yandırmışdır. Digər tərəfdən Ermənistanın Təl-Əvivdə səfirlik açması İran üçün diplomatik uğursuzluq sayılır. Belə bir şəraitdə gözlənti odur ki, ölkənin diplomatik aparatı Ermənistanın qərbyönümlü dövlətinə etiraz etsin. Əks təqdirdə Ermənistan İranın sükutundan əmin olmaqla gələcəkdə daha da cürətlənəcək”.

Ermənistanın İsraildə səfirlik açmaq istəyinə qarşı reaksiyalar sərt olsa da, hələ ki, İranı idarə edənlərdən səs çıxmır. İran prezidenti, xarici işlər naziri, parlamentin spikeri, ali dini lider gözləmə mövqeyindədirlər. Onlar İrəvana mesajlarını köməkçiləri vasitəsilə çatdırırlar. Ancaq əgər Ermənistan İsraildə səfirlik açarsa, onlardan da açıqlamalar gələcək. İranın Ermənistanın ünvanına sərt reaksiyaları həm də onunla əlaqəlidir ki, Tehranda anlayırlar ki, İrəvandan sonra Bakı da İsraildə səfirlik açmağa qərar verə bilər. Ona görə də bu baş verməsin deyə Tehran Ermənistanın İsraildə səfirlik açmasına mane olmaq istəyir.

Bu vəziyyətdə İrəvanın iki yol var. 

Birinci yol odur ki, İrəvan İranın xəbərdarlıqlarına baxmayaraq, İsraildə səfirlik açır. Ancaq bu halda İrəvan İranla münasibətlərinin gərginləşməsinə hazır olmalıdır. 

İkinci yol isə odur ki, İrəvan Tehranın təzyiqlərindən nəticə çıxararaq İsraildə səfirlik açmaqdan vaz keçir. Bu halda isə Ermənistanın İrandan çəkindiyi üzə çıxacaq ki, Tel-Əviv İrəvanı qorxaqlıqda ittiham edəcək.

Beləliklə, İrəvan özünü tələyə salıb. Nikol Paşinyan bütün hallarda iki yoldan birini seçməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi   xüsusi olaraq Avropa.info üçün


Oxunma sayı: 20417

Oxşar yazılar