Yeri pandemiya bürüdü, ABŞ-la Rusiya Ayı və Marsı tutmaq üçün mübarizəyə başladı – Trampın qəribə fərmanı

  • 14:55 - 08 Aprel

Yer kürəsini koronavirus pandemiyasının bürüdüyü, hər gün minlərlə adamın bu virusdan öldüyü, ölkələrin səhiyyə sistemlərinin aciz qaldığı bir vaxtda ABŞ-la Rusiya kosmik fəza uğrunda bir-birləri ilə çəkişməkdədir.

ABŞ prezidenti Donald Trampın aprelin 6-da imzaladığı fərman bu çəkişməni daha da qızışdırıb.

Fərmanda deyilir ki, Birləşmiş Ştatlar Ayı, Marsı və başqa səma cismlərini kommersiya məqsədi ilə istismar etmək hüququna malikdir. Trampın imzaladığı sənəddə bu da vurğulanır ki, ABŞ kosmosu ictimai sərvətyox, “insan fəaliyyəti üçün hüquqi və fiziki baxımdan unikal sahə” hesab edir. Fərmana əsasən ABŞ hakimiyyəti bununla əlaqədar kosmosdakı resursların hasilatı və istifadəsi üçün beynəlxalq dəstəyi stimullaşdırmağı planlaşdırır.

Bu fərmana Rusiyadan çox keçmədən reaksiya veriblər.  “Vaşinqtonun kosmik fəzanın qəsb olunmasına cəhdləri və əslində başqa planetlərin ərazilərinin zəbt olunması planları Rusiya və ABŞ arasında əməkdaşlığa ziyan vurur”,-belə bəyanatla Rusiyada “kosmos məsələlərinə” baxan dövlət qurumu - Roskosmos korporasiyası baş direktorunun müavini Sergey Savelyev aprelin 7-də çıxış edib.

"Tarixdə bir ölkənin başqa əraziləri öz maraqlarına görə zəbt etmək planları olub və bundan nə alındığını hamı xatırlayır”,-o deyib.

Savelyevin bu ümumiləşdirici bəyanatından onun konkret olaraq hansı cəhdləri nəzərdə tutduğu məlum olmur.

O bildirib  ki, Donald Tramp bu fərmanla başqa planetləri işğal etmək üçün “özünə lisenziya vermiş olur”. Roskosmos-un bəyanatında bildirilir ki, ABŞ prezidenti kosmosda mədənçilik barədə fərman verməklə başqa dünyaların zəbt olunmasına zəmin yaradır.

Burası da var ki, Tramp-ın fərmanında ABŞ-ın “fəza ehtiyatlarının ictimai və özəl qaydada təhlükəsiz və davamlı istismarı üçün xarici dövlətlərlə ikitərəfli və çoxtərəfli razılaşmaların və birgə bəyannamələrin qəbul olunmasına çalışacağı” bildirilir. Amma Roskosmos hesab edir ki, Birləşmiş Ştatların mövqeyi fəzanın bütün bəşəriyyətə aid olduğuna dair müddəa ilə ziddiyyət təşkil edir.

Şərhçilər Roskosmos-un Trampın fərmanına belə reaksiyasını ümumiyyətlə ABŞ-Rusiya münasibətlərinin son illərdə gərgin olması ilə əlaqələndirirlər. Rusiya onun üzərinə Ukraynaya görə qoyulmuş sanksiyaların qaldırılmasına və nəhayət ABŞ və başqa dünya gücləri ilə bərabərhüquqlu oyunçu kimi dünya forumlarında bir masa arxasında oturmağa çalışır və Vaşinqtonun az qala bütün addımlarından bu iddialarını qabartmaq üçün istifadə edir.

Kremlin sözçüsü Dmitry Peskov müxbirlərə deyib ki, fəzanı birtərəfli qaydada özəlləşdirmək yolverilməz sayılmalıdır.

Bu arada “Independent” yazır ki, Ayın bəşərriyyətin sərvəti kimi statusu BMT Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul olunmuş sazişlə təsbit edilib. "Dövlətlərin Ayda və başqa səma cismlərində fəaliyyəti” adlı sənəd 18 ölkə tərəfindən ratifikasiya olunub. Bu ölkələrin arasında Rusiya və ABŞ yoxdur.

Virtualaz.org


Oxunma sayı: 4093

Oxşar yazılar