Vitse-spiker: "Azərbaycan tibbi ləvazimatları istehsal edən ölkəyə çevrilir"

  • 21:42 - 06 Aprel

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə geniş miqyaslı islahatlar aparılır. Təbii ki, bu islahatların içərisində iqtisadiyyatın inkişaf etdirilməsi çox mühüm yer tutur. Belə ki, Dünya Bankının “Doing business” hesabatlarında ölkəmiz biznes mühitinin yaxşılaşdığı qabaqcıl ölkələr sırasında yer alır". 

Avropa.info xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.  

Onun sözlərinə görə, təəssüflər olsun ki, son dövrlər dünyada geniş yayılmış koronavirus infeksiyası görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, ölkəmizdən də yan keçməyib: "Hazırda fövqəldövlətlər qeyd olunan xəstəliyin əlində acizdir, yoluxan və ölənlərin sayı narahatedicidir. Bunlara baxmayaraq, Prezident tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun şəkildə zəruri addımların atılması nəticəsində xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verilmədi və hazırda bu siyasətin nəticəsi kimi vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus dünya liderlərinə ünvanlandığı məktubda koronovirus pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və görülən işləri təqdir edərək ölkəmizin təcrübəsini örnək göstərib. Əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşıldığı üçün hələ iki həftə əvvəl ölkəmizdə tibbi maska istehsalına başlanılması üçün Prezident tərəfindən birbaşa göstəriş verilib. Bu məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları qısa müddətdə sahibkarlara kreditlər verib, nəticədə tibbi maska istehsalı ilə bağlı avadanlığın və xammalın Azərbaycana çox qısa zamanda gətirilməsinə nail olunub". 

"Uzaqgörən siyasətin və aparılan iqtisadi islahatların məntiqi davamı olaraq, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı oldu. Beləliklə, koronavirusla mübarizədə dünyanın bir çox ölkələrində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapır. Yeni açılan müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilməsi nəzərdə tutulub. Yaxın günlərdə isə istehsal həcminin 2 dəfə artırılaraq gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, artıq ölkəmiz tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yeni yaradılan müəssisə həm steril maskaların, həmçinin N95 və digər xüsusi növlərdən olan maskaların istehsal edilməsi üçün nəzərdə tutulub. İki həftə ərzində günlük 250 min tibbi maska hazırlaya biləcək müəssisənin qurulması və istehsala başlanılması ölkəmizin iqtisadi qüdrətinin əyani sübutudur. Sevindirici haldır ki, maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. 

Bu gün ölkəmizdə yaradılmış şərait imkan verir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsal sahələrinin təşkilində çox qısa zamanda uğur qazanaq. Bu həm də, dövlətin özəl sektora qayğısının, dövlət və özəl sektorun tərəfdaşlığının, dövlətin özəl sektorun inkişafı istiqamətində atmış olduğu addımların məntiqi nəticəsidir. Xatırlatmaq istərdim ki, Sumqayıt Kimya Sənaye Parkı da Prezidentin təşəbbüsüylə yaranmış və burada məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması ilə bağlı olmuşdur. Dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, insanlar xəstəliyə yoluxmasın, onların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür. Eyni zamanda vətəndaşlar daha da məsuliyyətli olmalı və şəxsi gigiyenalarına fikir verməli, özlərini və yaxınlarını bu xəstəliyə yoluxmaqdan qorumalıdırlar", - A.Əliyev qeyd edib.


Oxunma sayı: 4533

Oxşar yazılar