İspaniya Müsəlman İcmasının rəhbəri koronavirusdan həyatını itirib

  • 21:10 - 06 Aprel

İspaniya Müsəlman İcmasının rəhbəri, İspaniya İslam Komissiyasının sədri Riay Bəkri COVID-19 xəstəliyindən vəfat edib.

Avropa.info xəbər verir ki, 72 yaşlı Riay Bəkri Madridin Tetuan rayonundakı məscidin imamı idi. O, bir neçə gün öncə koronavirusa yoluxma səbəbindən paytaxt xəstəxanalarından birinə aparılmışdı. Bəkrinin həyat yoldaşının da vəziyyətinin ağır olduğu bildirilir.

Tibb elmləri doktoru Riay Bəkri, həmçinin İspaniya İslam İcmaları Şurasına da rəhbərlik edirdi. O, Dəməşq şəhərində anadan olmuş, 1970-ci ildə İspaniyaya köçmüş, 1971-ci ildə İspaniya İslam Assosiasiyasını təsis etmişdi.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni növ koronovirusun yayılmasını pandemiya elan edib. Bu gün Bakı vaxtı ilə saat 18:20-yə olan məlumata görə, artıq dünyada 1 milyon 288 mindən çox yoluxma və 70 min 595 ölüm faktı qeydə alınıb.

İspaniyada yeni koronavirusa 135 min 32 nəfər yoluxub, 13 min 55 nəfər ölüb, 40 min 437 nəfər isə sağalıb. Hazırda ölkədəki aktiv COVID-19 xəstələrinin sayı 81 min 540 nəfər təşkil edir. Bununla yanaşı, İspaniyada artıq bir neçə gündür ki, həm ölüm, həm də yoluxma hallarının sayında azalma müşahidə olunur.


Oxunma sayı: 10022

Oxşar yazılar