Dövlət Xidmətindən çağırışçılara koronavirusla bağlı müraicət

  • 14:40 - 06 Aprel

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib.

Xidmətdən Avropa.info-ya verilən xəbərə görə, müraciətdə çağırışçılar koronavirus infeksiyasına qarşı mübarizədə məsuliyyətli olmağa çağırılır.

Müraciətdə deyilir:

“Əziz çağırışçılar!

Bildiyiniz kimi, koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilmiş və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılıb.

Hörmətli çağırışçılar, xüsusi karantin rejimi dövründəı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə ciddi riayət edərək Siz əsl vətənpərvərlik nümunəsi göstərə bilərsiniz. Mövcud vəziyyətdə hər biriniz gələcəyin əsgəri kimi hərbi xidmətin təməl prinsiplərindən olan nizam-intizamlı olmaqla müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə, milli həmrəyliyə və öz yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır.

Hörmətli çağırışçı, “Özünü qoru ki, Vətəni qoruya biləsən!”.

Əlavə olaraq bildiririk ki, Sizin müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə məlumat veriləcək. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda aidiyyəti üzrə gəlməniz zəruridir”.


Oxunma sayı: 3565

Oxşar yazılar