Neft müharibəsi: Putin Tramp və bin Salmanla anlaşmağa hazır olduğunu açıqladı – Hasilat rekord həcmdə azaldıla bilər...

  • 10:17 - 04 Aprel

Rusiya prezidenti Vladimir Putin ötən gün aprelin 3-də Səudiyyə Ərəbistanı və ABŞ-la neftə dair anlaşma əldə etməyə hazır olduğunu açıqlayıb.

Putin Səudiyyə Ərəbistanı və ABŞ-la danışıqlar apardığını təsdiqləyib.

“Biz Səudiyyədən olan partnyorlarımızla sıx təmasdayıq. Bu yaxınlarda mənim Birləşmiş Ştatlar prezidenti ilə də söhbətim oldu”,-o deyib. Putin bildirib ki, bütün ölkələr neft bazarında sabitliyin yaranmasında maraqlıdır. Hasilatın azaldılmasından danışan Rusiya prezidenti deyib ki, söhbət sutkada 10 milyon barrel və ola bilsin daha çox ixtisardan gedə bilər.

Putin habelə deyib ki, Rusiya heç vaxt neftin qiymətinin hədsiz yüksək, yaxud aşağı olmasına can atmayıb. Və ölkə neftin qiymətinin 42 dollar səviyyəsində özünü rahat hiss edir. Onun fikrincə, indiki ucuzlaşma daha çox koronavirus pandemiyası ilə bağlıdır, çünki pandemiya ilə bağlı tələbat aşağı düşüb və istehsal azalıb.

Xatırladaq ki, Rusiya ilə Səudiyyə Ərəbistanının gündəlik neft hasilatını 10 milyon və hətta daha çox azaltmaq barədə danışıqlar apardığını bir gün əvvəl ABŞ prezidenti Donald Tramp açıqlamışdı. Trampın bu barədə tvit-i dərhal neftin qiymətinin sıçrayışla artmasına səbəb oldu.

Lakin analitiklər bu cür rekord həcmdə ixtisarın olacağını ağlabatan hesab etmirlər. OPEC+ razılaşması çərçivəsində tərəflər sutkada cəmi 1.5 milyon barrel ixtisara razı olmuşdular. Və Səudiyyə Ərəbistanının bu həcmi koronavirusa görə qiymətlərin ucuzlaşmasının qarşısını almaq üçün  daha 1.5 milyon barrel artırmaq təklifinə razı olmayan Rusiya ümumiyyətlə sövdələşməni tərk etdi. Bundan sonra Səudiyyə Ərəbistanı Rusiya ilə neft müharibəsinə başladı, hasilatı gündəlik 12 milyon barrelə qədər artırdı, üstəlik öz neftini bazarda 5-6 dollar aşağı təklif etdi. Nəticədə qiymətlər sürətlə dibə yuvarlandı.

Putinin açıqlamasından əvvəl “Reuters” bildirib ki, OPEC ölkələri Rusiya, Qazaxıstan və Azərbaycanla birlikdə hasilatın misli görünməmiş həcmdə azaldılması üzərində işləyir. Söhbət dünya bazarına çıxarılan neftin həcminin 10 faiz azaldılmasından gedir, bu isə 10 milyon barreldən çoxdur. Tərəflər aprelin 6-da məsələni videokonfrans vasitəsilə müzakirə edəcəklər. Lakin hansı ölkənin hasilatı nə qədər azalda biləcəyi məlum deyil.

Hazırda bazarda təklif tələbi 15 milyon barrel üstələyir, aprel ayında bu rəqəm 20 milyon barrelə qədər arta bilər.

Gözlənilir ki, bu gün Vladimir Putin hasilatın azaldılmasını ölkənin neft şirkətlərinin rəhbərləri ilə müzakirə edəcək. Dünən martın 3-də isə ABŞ prezidenti Tramp neft sənayesi şirkətlərinin rəhbərlərini Ağ evdə qəbul etməyə hazırlaşırdı.

“Bloomberg” isə bildirir ki, Rusiyanın neft şirkətləri qiymətləri stabilləşdirmək üçün hasilatı azaltmağa hazırdır və onlar bu barədə Putinlə görüşdə bildirəcəklər. ABŞ isə belə görünür ki, hasilatı azaltmağa hazırlaşmır. Tramp bəyan edib ki, Səudiyyə Ərəbistanına və Rusiyaya güzəştə getməyəcək. Çünki onsuz da qiymətlərin aşağı düşməsinə görə ABŞ-da şist neft hasilatı xeyli azalıb.

Virtualaz.org


Oxunma sayı: 6733

Oxşar yazılar