Çexiya koronavirusa maskalarla qalib gəlir - Evdə maska sexi açanlar var

  • 23:59 - 01 Aprel

Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda tibbi maskalardan istifadənin əhəmiyyəti barədə o cümlədən Azərbaycanda ziddiyətli mövqelər eşidilməkdədir. Bəziləri, o cümlədən ölkədə sanitar-epidemioloji vəziyyətə məsul olanlar əvvəlcə tibbi maskaları ancaq yoluxanların taxmalı olduğunu israrla bildirirdilər.

Lakin daha sonra hamının ictimai yerlərdə, adamların çox olduğu məkanlarda maska taxmalı olduğu haqda rəylər üstünlük təşkil etməyə başladı. Doğrudur, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da tibbi maskaların kəskin qıtlığı hökm sürməkdədir və son məlumatlara görə apteklərdə adambaşına 1-2 ədəd maska satışı mümkündür. Özü də söhbət yüksək qoryuculuq imkanlarına malik respirator tipli maskalardan deyil, əslində virusa qarşı effektli olmayan nazik maskalardan gedir.

 

Belə bir vaxtda koronavirusun öhdəsindən maskalaran kütləvi və məcburi istifadəni tətbiq edən Çexiyanın təcrübəsi diqqəti cəlb edir. Virtualaz.org xəbər verir ki,  Çexiya Respublikasında hökumətin və vətəndaşların koronovirusdan qorunmaq üçün maska geyinməsi Qərb dünyası üçün model sayıla bilər. Bunu “The Washington Post” qəzeti yazır. “News.expats” portalında Lucas Němec bu məqaləyə istinad edir, Çexiyanın Baş naziri Andrej Babiš-in ABŞ Prezidenti Donald Trampa çağırış ünvanladığını qeyd edir.

Babiš tvitində yazıb ki, prezident Birləşmiş Ştatlarda maska taxmağı məcbur etməlidir. Artıq ABŞ-da koronavirusa 150 min təsdiqlənmiş yoluxma, 2 min 500 ölüm halı qeydə alınıb. İki həftə qabaq Çexiyada sərt karantin tədbirləri tətbiq olundu. İctimai yerlərdə maska taxmayanı 20 min kron cərimə gözləyir.

Bir çoxlarının fikrincə, bu tədbirlər Çexiyada koronovirusun yayılmasını əngəlləyib. Qonşu Almaniya və Avstriyada isə rəqəmlər sürətlə artır. Çexiyada maska tikən könüllülər də artıb. Sosial mediada yayılan videolarda evdə maskanı necə hazırlamaq öyrədilir. Son rəy sorğusu sakinlərin 91 faizinin hökumətin sərt və görünməmiş karantin təbirlərini dəstəklədiyini üzə çıxarıb.

Bu tədbirlər üzündən Praqada kiçik bir bar bağlanır və onun sahibi Štefan Olejár barı maska hazırlayan sexə çevirir. Tikiş maşınları əldə edərək günə 400-dək maska hazırlayırlar. Barın 10 işçisi var, evdən çıxa bilməyənlərə maskaları çatdıran sürücü də onların sırasındadır.

 

Müəllif yazır ki, yoluxma halları ümumilikdə artsa da, cavabı müsbət çıxan testlərin sayı azalmaqdadır. Bu da Çexiya hökumətinin iki həftə öncə qəbul etdiyi sərt antikoronavirus tədbirlərinin nəticə verdiyini göstərir. Aprelin 1-nə olan məlumata görə, Çexiyada koronavirusa 3 min 330 nəfər yoluxub, 32 nəfər vəfat edib. Bu, digər Avropa ölkələri ilə müqayisədə olduqca aşağı rəqəmlərdir və bir daha tibbi maskaların indiki qlobal fəlakət şəraitində əhəmiyyətini nümayiş etdirə bilər.

Virtualaz.org


Oxunma sayı: 11001

Oxşar yazılar