Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi
- 10:41 - 01 Aprel
Gəncə şəhərində 18 yaşlı oğlana bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, martın 31-də saat 17 radələrində Gəncə şəhər sakini 18 yaşlı Anar Əliyevin qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan məlumatla əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 17 yaşlı İ.Allahverdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, hər iki gənc “WhatsApp” sosial şəbəkəsində bir müddət mübahisə ediblər. Daha sonra görüş təşkil ediblər. Nəticədə, bıçaqlanma baş verib.