Koronavirusla bağlı yalan məlumat yayanların şəxsiyyəti müəyyənləşdi

  • 14:04 - 31 Mart

Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info -ya verilən məlumatda bildirilir ki, buna baxmayaraq, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 30-dan 31-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 36, o cümlədən Bakı şəhərində 20 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 2 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 1 nəfərə xəbərdarlıq edilib, 1 nəfər isə əqli cəhətdən qüsurlu olduğu üçün psixatriya xəstəxanasına yerləşdirilib.


Oxunma sayı: 3697

Oxşar yazılar