İndoneziyalı jurnalist “Dağlıq Qarabağda qanunsuz seçkiləri ləğv edin” adlı məqalə yazdı

  • 15:45 - 30 Mart

İndoneziyanın “The Jakarta Post” qəzetinin müxbiri Viramala Ancaya 31 mart 2020-ci il tarixində qondarma “Dağlıq Qarabağ Respublikasında” təşkil olunması nəzərdə tutulan “prezident” və “parlament” seçkilərini ləğv etməyə çağırış edən məqalə ilə çıxış edib.

Azərbaycanın İndoneziyadakı səfirliyindən Avropa.info-ya verilən məlumata görə, “Dağlıq Qarabağda qanunsuz seçkiləri ləğv edin” adlı məqalədə müəllif sözügedən qondarma respublikanın varlığından yalnız ermənilərin xəbərdar olduğunu, Ermənistanın belə hüquqi olaraq bu “ölkəni” tanımadığını bildirir.   

Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı haqqında məlumat verən V. Ancaya 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığı və Xocalı Soyqırımı barədə geniş bəhs edib.

Jurnalist qondarma rejim tərəfindən "seçkilərin" keçirilməsinin qeyri-qanuni olması ilə yanaşı, ATƏT-in Minsk Qrupu tərəfindən aparılan danışıqlara böyük zərər verdiyini vurğulayıb. O, Ermənistanda koronovirus epidemiyasının geniş vüsət aldığı bir dövrdə qeyri-qanuni seçkilərə 300 nəfər müşahidəçi göndərdiyinə diqqət çəkərək, bu halın epidemiyanın Dağlıq Qarabağ bölgəsinə yayılmasına şərait yaratdığını qeyd edib. V. Ancaya dünyada koronovirus kimi pandemiyanın tüğyan etdiyi bir vaxtda Ermənistan və separatçı rejimin zəif səhiyyə sistemlərini inkişaf etdirmək yerinə, xaricdən silah alınmasına böyük diqqət ayırdıqlarını vurğulayıb.

Məqalədə, həmçinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevə Dağlıq Qarabağdakı erməni icmasının bəzi üzvlərinin ona həmin bölgədən seçilmiş nümayəndə kimi müraciət etdikləri haqqında da bildirilib. Belə ki, koronovirus epidemiyası nəticəsində bölgədəki erməni əsilli əhalidə yoluxma hallarının çoxalması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyətdə olması, tibbi yoxlama avadanlıqlarının və tibb personalının çatışmazlığı, eləcə də Ermənistan və separatçı rejim tərəfindən bu həqiqətlərin məqsədli şəkildə gizlədilməsinə dair icma rəhbərinin məlumatlandırıldığı qeyd olunub. O cümlədən, T. Gəncəliyevin Ermənistan tərəfindən işğala son verildikdən sonra Azərbaycanın sözügedən bölgəmizdə səhiyyə infrastrukturunu yenidən bərpa edəcəyini və hər iki icmanın müasir standartlara cavab verən səhiyyə sisteminin imkanlarından faydalanacağını əminliklə ifadə etdiyi vurğulayıb.

Məqalədə koronovirus epidemiyası ilə əlaqədar martın 16-da Nikol Paşinyanın Ermənistanda fövqəladə vəziyyət elan etməsi, o cümlədən onun və qondarma rejim rəhbərliyinin əhaliyə Ermənistan və Dağlıq Qarabağ arasında səfərləri dayandırmaq barədə çağırışına baxmayaraq, qondarma rejimin 31 mart tarixində “seçkilər” təşkil etməkdə təkid etdiyi bildirilir. Qondarma rejimin “seçkiləri və namizədləri” haqqında məlumat verən indoneziyalı jurnalist nəticəsindən asılı olmayaraq, separatçı rejimin idarəçiliyinin yenə də İrəvan tərəfindən həyata keçiriləcəyini vurğulayıb.

V. Ancaya qeyd edib ki, ermənilər Azərbaycan torpaqlarının işğalının onlara heç bir faydası olmadığını və bu işğalın onlara yalnız iqtisadi çətinliklər və külli miqdarda dövlət borcunun yaratdığını başa düşməlidir. Jurnalist erməni silahlı qüvvələrinin qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına dair BMT-nin müvafiq qətnamələrinə və Azərbaycan tərəfindən Dağlıq Qarabağa yüksək səviyyəli muxtariyyət verilməsinə dair təkliflərinə baxmayaraq, Ermənistan tərəfinin hələ də aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirdiyinə diqqət çəkib.

Məqalənin yekununda hər iki xalqın əsrlərlə sülh şəraitində yaşadığını bildirən V. Ancaya işğalın Ermənistan tərəfinə faydalı olmadığını və işğala son qoyacağı təqdirdə bunun onun iqtisadi inkişafının və rifahının yüksəlməsinə gətirib çıxaracağını vurğulayıb. Müəllif qondarma “Dağlıq Qarabağ Respublikasında” 31 mart 2020-ci il tarixində təşkil olunacaq qeyri-qanuni seçkilərin həm sülh, həm insanların sağlamlığı naminə ləğvinin sülh danışıqları yolunda atılacaq vacib konstruktiv addım kimi qiymətləndirilə biləcəyini ifadə edib.


Oxunma sayı: 3675

Oxşar yazılar